Viza

 

Ümumi məlumat

Növləri

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:

1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

2. Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Məqsədləri

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:

• işgüzar 
• elmi və təhsil 
• əmək 
• turizm 
• mədəniyyət və idman
• humanitar 
• şəxsi səfər 
• müalicə

Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.


Vizanın verilməsi üçün tələb olunan sənədlər

 

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

1. Ərizə-anket (nümunəsi əlavə olunur);

2. Pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri;

3. Biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);

4. Tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);

5. Viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

6. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (nümunəsi əlavə olunur), dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);

7. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.

Səfirlik tərəfindən İran İslam Respublikasının vətəndaşları üçün rəsmiləşdirilən vizalara görə aşağıdakı miqdarda dövlət rüsumları ödənilməlidir: 

Tranzit vizalar və birdəfəlik giriş vizaları - 20 ABŞ dolları

Çoxdəfəlik giriş vizası - 350 dollar

Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.