2014-01-10
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun “EU Reporter” qəzetində dərc edilmiş məqaləsi

 

Nazir Elmar Məmmədyarovun “EU Reporter” qəzetinin 9 yanvar tarixli sayında “Azərbaycan BMT Təhlükəsizlik Şurasında 2012-2013: qazanılmış təcrübələr” adlı məqaləsi dərc edilmişdir.

BMT TŞ-yə seçildikdən sonra Prezident İlham Əliyevin ədalət və beynəlxalq hüququn aliliyinin qorunmasının Azərbaycanın bu qurumda prioritet məqsədləri olacağını bəyan etdiyini yazan müəllif, bu strateji baxış əsasında ölkəmizin BMT TŞ-də öz fəaliyyətini həyata keçirdiyini, təcrübəsini bölüşdüyünü və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini diqqətə çatdırmışdır.

Azərbaycanın məhz xoşməramlı diplomatiya əsasında BMT TŞ-də konstruktiv dialoq qurduğunu qeyd edən nazir Elmar Məmmədyarov, Suriya böhranı ilə əlaqədar olan müzakirələrə toxunaraq, Azərbaycanın BMT TŞ-də sədrliyi müddətində bu münaqişənin humanitar fəsadlarının aradan qaldırılmasına əsas yaradan vacib sənədlərin qəbul olunduğunu xatırlatmışdır.

Nazir Elmar Məmmədyarov Suriya ilə bərabər Mali, Konqo Demokratik Respublikası və Sudan Respublikası-Cənubi Sudan əlaqələri kimi çətin məsələlərə münasibətdə də nailiyyətlərin əldə olunduğunu bildirmişdir.

BMT TŞ-nin qeyri-daimi üzvlərinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə daşıdıqları kollektiv məsuliyyətdən yazan müəllif əlavə etmişdir ki, qeyri-daimi üzvlər malik olduqları fərqli və özünəməxsus baxışları, təcrübə və regional bilgiləri əsasında BMT TŞ-də müzakirələrin gedişinə, konsensus quruculuğu prosesinə və qəbul edilmiş nəticələrə təsir etmək iqtidarındadırlar.

Bu xüsusda, müəllif tərəfindən 2012-ci ilin may ayında Azərbaycanın BMT TŞ-də birinci sədrliyi dövründə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda keçirilmiş yüksək-səviyyəli iclas diqqətə çatdırılmışdır. Azərbaycanın 2013-cü ilin oktyabr ayına təsadüf edən ikinci sədrlik dövründə isə ölkəmizin təşəbbüsü ilə BMT TŞ-nin tarixində ilk dəfə BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığa dair xüsusi iclasın keçirildiyi qeyd edilmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-də sədrliyinin Afrika məsələləri üzrə intensiv müzakirələr, Afrika İttifaqı ilə məsləhətləşmələr və BMT TŞ-nin Afrikaya səfəri və qitə ilə əlaqədar qəbul edilmiş bir sıra vacib qətnamə və bəyanatlarla da yadda qaldığını bildirmişdir.

Müəllif Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulması faktına diqqəti çəkərək, BMT TŞ-nin effektivliyinin ilk növbədə üzv dövlətlərin BMT nizamnaməsi əsasında üzərilərinə düşən öhdəliklərə riayət etməsindən asılı olduğunun Azərbaycan tərəfindən davamlı şəkildə BMT TŞ-də səsləndirildiyini vurğulamışdır.

Eyni zamanda məqalədə qeyd edilmişdir ki, 1993-cü ildə BMT TŞ-nin Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu qətnamələri hələ də icra etməmişdir.

Nazir Elmar Məmmədyarov BMT TŞ-nin beynəlxalq səhnədə gələcək roluna toxunaraq əlavə etmişdir ki, ikinci dünya müharibəsindən və xüsusilə, XX əsrin 90-cı illərində baş vermiş tektonik və geosiyasi dəyişikliklərdən sonra tərkib, coğrafi təmsilçilik, fəaliyyət metodu və mandatı baxımdan BMT TŞ islah olunmalı və müasir geosiyasi reallığı özündə əks etdirməlidir.

BMT TŞ-də üzvlüyün Azərbaycan xarici siyasətində yeni səhifə açdığını yazan müəllif, bu təcrübənin ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik, mədəniyyətlərarası dialoq və humanitar yardımlara töhfə vermək kimi tükənməz əzmini daha da gücləndirdiyini diqqətə çatdırmışdır.

növbəti xəbər əvvəlki xəbər