2014-03-27
Prezident İlham Əliyev İranın xarici işlər nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İbrahim Rəhimpur İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı. İbrahim Rəhimpur İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulduğu bir gündə ölkəmizə səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu ifadə etdi. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosda görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı prezidentlərin görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Prezident Həsən Ruhaninin Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da təbriklərini İran Prezidentinə çatdırmağı xahiş etdi.



növbəti xəbər əvvəlki xəbər