2015-10-11
İran Aşıqlar Birliyinin rəsmi fəaliyyətə başlaması münasibətilə tədbir keçirilmişdir

2015-ci il oktyabrın 10-da Tehranda yerləşən Niyavaran Mədəniyyət Mərkəzində “İran Aşıqlar Birliyi”nin rəsmi fəaliyyətə başlaması münasibətilə tədbir keçirilmişdir. Tədbirdə İran İslam Respublikasının rəsmi nümayəndələri, o cümlədən Mədəniyyət və İslami İrşad Nazirinin müavini cənab Əli Muradxani, Daxili İşlər Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Rəşad Əliyev, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin əməkdaşları iştirak ediblər. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin əməkdaşı Tariyel İsmayılov Səfir Cavanşir Axundovun “İran Aşıqlar Birliyi”nin təsisçilərinə təbrik məktubunu səsləndirmişdir. Bakı Musiqi Akademiyasının professoru, musiqişünas xanım Zümrüd Dadaşzadə-Axundova bu Birliyin yaradılmasında əməyi keçən hər kəsi təbrik etmiş, aşıq musiqisi əsasında “Koroğlu” operasını yaratmış dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin də aşıq sənətinə olan ehtiramını xatırlatmışdır. İİR Mədəniyyət və İslami İrşad Nazirinin müavini, AR Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Rəşad Əliyev rəsmi fəaliyyətə başlayan Birliyə uğurlar arzu etmişlər.

Tədbirdə İranın müxtəlif bölgələrindən – Zəncan, Qeydar, Parsabad, Təbriz, Mərənd və Tehrandan olan aşıqlar, habelə Azərbaycandan gəlmiş ustad aşıqlar ifaları ilə tamaşaçıları sevindirmişlər.

Təsisçisi Aşıq Kövsərəli Şahbazi (Səlcuq) olan Birlik aşıq ədəbiyyatı və mədəniyyətinin qorunması və təşviq edilməsi, aşıq sənətinin təbliğ edilməsi, aşıq sənəti sahəsində araşdırmaların aparılması, dəyərli aşıq sənəti nümunələrinin qorunması, saxlanması və yayılması məqsədlərini daşıyır.  



növbəti xəbər əvvəlki xəbər