2014-05-27
28 may - Respublika Günü Tehranda qeyd olunmuşdur

2014-cü il mayın 26-da Azərbaycan Respublikasının İran İslam Respublikasındakı (İİR) Səfirliyində 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur. Qəbulda İran İslam Respublikasının Rabitə Naziri, Azərbaycan-İran hökumətlərarası Müştərək komissiyasinin həmsədri Mahmud Vaezi, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər, Xarici İşlər Nazirliyinin rəsmiləri, o cümlədən, İİR XİN-in MDB və Qafqaz ölkələri üzrə Baş İdarəsinin rəisi Murtuza Muradyan, İİR XİN-in Mülk, bina və təminat baş idarəsinin rəisi Əminyan,  Zəncan vilayətinin valisi Cəmşid Ənsari, XİN-in MDB ölkələri üzrə 3-cü idarəsinin rəis müavini Bağban Kondori, həmin idarənin Azərbaycan üzrə eksperti Məhəmmədhüseyn Əkbəri, Zəncan Ticarət Palatasının sədri İbrahim Cəlili, Rabitə nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi Hüseyn Malek, İran parlamentinin üzvləri, İİR-də akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, Tehran ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.  

Səfirliyin həyətində quraşdırılmış böyük monitorda Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəni irsi və s. haqqında film nümayiş etdirilmişdir.

 Azərbaycan və İranın dövlət himnlərinin səslənməsindən sonra açılış nitqi ilə çıxış etmiş Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cavanşir Axundov 28 may – Respublika günü haqqında ətraflı məlumat vermiş, əsası 1918-ci il mayın 28-də qoyulmuş Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman şərqində ilk demokratik, parlamentli respublika olması barədə məlumat vermiş, çox qısa müddət – cəmi 23 ay ərzində mövcud olmasına baxmayaraq, ADR-in ordu sisteminin formalaşdığı, insanların demokratik hüquq və azadlıqlarının bərqərar olunduğu və digər mütərəqqi işlərə imza atıldığını diqqətə çatdırmışdır. Səfir Cavanşir Axundov Sovet Ittifaqının süqutundan sonra, Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etdikdən sonra da, ADR dövründə olduğu kimi, qonşu dövlətlərlə səmimi dostluq münasibətləri qurmağa üstünlük verdiyini, bu baximdan dini, mədəni, tarixi, coğrafi yaxınlığı və bağlılıqları olan İranla münasibətlərə xüsusi önəm verildiyini vurğulamışdır.
Daha sonra İranın Rabitə naziri, Azərbaycan-İran hökumətlərarası Müştərək komissiyasinin həmsədri cənab Mahmud Vaezi çıxış edərək dost, qardaş Azərbaycan xalqını 28 may - Respublika günü münasibətilə təbrik etmiş, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin intensivləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirmişdir. Nazir Mahmud Vaezi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cu ilin aprelində İrana rəsmi səfərinin iki dövlətin münasibətlərində yeni bir səhifə açdığını qeyd etmiş, bu münasibətlərin bundan sonra daha da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu söyləmişdir.  

Tədbirdə gənc Azərbaycanlı xanəndələrin ifasında səsləndirilmiş Azərbaycan muğamları və xalq mahnıları tədbir iştirakçılarının zövqünü oxşamış və onlar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.

 

 



növbəti xəbər əvvəlki xəbər