2015-10-07
Səfirlik xeyriyyə bazarında iştirak etmişdir

2015-ci il oktyabrın 7-də İran İslam Respublikası Xarici İşlər Naziri M.C.Zərifin xanımının İran Diplomatik Qadınlar Cəmiyyəti ilə birgə təşkilatçılığı ilı İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqat Mərkəzində xeyriyyə məqsədi ilə sərgi-yarmarka təşkil olunmuşdur. Xeyriyyə bazarının keçirilməsində əsas məqsəd İran ali məktəblərində təhsil alan imkansız və yoxsul tələbələrə yardım edilməsi olmuşdur.   
Sərgi-yarmarkada 20-dək ölkənin, o cümlədən Çin, Malayziya, İndoneziya, Filippin, Tunis, Venesuela, Özbəkistan, və Azərbaycanın İran İslam Respublikasında akkreditə olunmuş Səfirlikləri, habelə İranlı sənətkarlar iştirak etmişlər. 
Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətlərinə həsr edilmiş maraqlı kitab və jurnallar, müxtəlif suvenirlər, dövlət rəmzləri və digər materiallarla təchiz olunmuş bölmə ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır.

İran İslam Respublikası Xarici İşlər Nazirinin həyat yoldaşı xanım Zərif Azərbaycan Səfirliyinin hər il keçirilən xeyriyyə bazarlarında fəal iştirakından məmnunluğunu bildirmişdir. 
Sərgi-yarmarkanın ziyarətçilərinin əksəriyyəti daha əvvəllər Azərbaycanın paytaxtı Bakıya səfər etdiklərini, Bakı haqqında xoş təəssüratlarını xatırladaraq, Bakı, Azərbaycana həsr olunmuş rəngarəng suvenirləri əldə etmişlər. Səfirlik tərəfindən təqdim olunmuş Azərbaycan şirniyyatları da qonaqların zövqünə uyğun olmuşdur.   

Satışdan əldə olunan vəsait imkansız tələbələrə yardım məqsədilə Səfirlik tərəfindən sərginin Təşkilat Komitəsinə təhvil verilmişdir.


növbəti xəbər əvvəlki xəbər