2016-05-10
Xalqa həsr olunan ömür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü

Xalqa həsr olunan ömür

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının

93-cü ildönümü

10 may 2016-cı il




Tarixin inkişafı prosesində hər bir xalqın taleyində böyük şəxsiyyətlərin müstəsna xidmətləri olur. Belə şəxsiyyətlərin yalnız doğum tarixi olur, illər və əsrlər ötsə də bu şəxsiyyətlər xalqın tarixində və milli yaddaşında əbədi yaşayırlar. Öz əməlləri ilə xalqın, dövlətin salnaməsində silinməz izlər buraxır, milləti və dövləti xilas edirlər.

Müasir Azərbaycanın tarixində belə bir şəxsiyyət heç şübhəsiz ki, Heydər Əliyevdir.

Ürəyi və düşüncəsi ilə həmişə xalqının yanında olan Heydər Əliyev 1990-cı ildə törədilmiş 20 yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı həyata keçirilən siyasətə etirazını bildirdi. Bu etiraz ona qarşı siyasi təqiblərin daha da şiddətlənməsinə səbəb oldu. Çünki bu, sadə bir şəxsin deyil, milyonları arxasınca apara biləcək bir xalq liderinin mövqeyi idi. Azərbaycanın müstəqilliyinin ilk illərində bir tərəfdən erməni işğalına, digər tərəfdən kənar qüvvələrin müdaxiləsinə məruz qalan ölkə xaos və anarxiyaya yuvarlanmışdı. Belə bir ağır vaxtda illər boyu qurub yaratdığı Azərbaycana qayıdıb xalqı ilə birlikdə olmaq istəyən Heydər Əliyevin qarşısına Sovet İttifaqının rəhbərliyi tərəfindən sipər çəkilirdi. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev doğma Naxçıvana gəldi. Həmin dövrdə siyasi və iqtisadi blokadanın sərt qanunları ilə yaşayan muxtar respublika erməni silahlılarının hücumlarına məruz qalırdı. Sərt iqlimi olan Naxçıvan əhalisi elektrik enerjisi və təbii qazdan məhrum edilmişdi. Əhalinin isti münasibəti ilə qarşılaşan Heydər Əliyev xalqın təkidli tələbi ilə 1990-cı ilin sentyabrında Naxçıvan Ali Məclisinin sədri seçildi. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən iki dəfə İran İslam Respublikasına səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Tehranla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurdu. Heydər Əliyev Türkiyə ilə də əlaqələri diqqət mərkəzində saxlayaraq Sədərək-Diliucu körpüsünün tikilməsi təşəbbüsü ilə çıxış etdi və tez bir zamanda iki qardaş xalqı birləşdirən körpü istifadəyə verildi. Bu körpüyə həmin dövrdə xalq arasında “Ümid” körpüsü adı verildi ki, bu da təsadüfi xarakter daşımırdı. Xalqın Heydər Əliyevə olan ümidləri gündən-günə özünü doğruldurdu. İran və Türkiyə ilə qurulan əməkdaşlığın nəticəsində muxtar respublika elektrik enerjisi, təbii qaz və ərzaqla təmin edildi.

Bu zaman Azərbaycanda siyasi vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. Sovet İttifaqı tamamilə süquta uğramışdı və bu süqutun qarşısını almaq üçün Dağlıq Qarabağın işğalı planını reallaşdırıldı. Torpaqlar işğal edildikcə, milli iqtisadiyyat çökdükcə, əhalinin sosial vəziyyəti ağırlaşdıqca xalqın yaddaşında Heydər Əliyevin qurucu və yaradıcı obrazı canlanırdı. Ziyalılar və xalq kütlələri Naxçıvana axışaraq Heydər Əliyevdən hakimiyyətə qayıtmasını təkidlə tələb edirdilər. Azərbaycanın bir dövlət kimi məhv olmasına və xalqın səfalət içində yaşamasına göz yuma bilməyən Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verərək hakimiyyətə qayıtdı. İlk növbədə vətəndaş müharibəsinin qarşısını alan Heydər Əliyev atəşkəs rejiminin yaranmasına nail olaraq erməni işğalını dayandırdı, minlərlə vətən övladının şəhid olmasının qarşısını aldı. Heydər Əliyevə beynəlxalq nüfuzunu itirmiş və ağır iqtisadi vəziyyətdə olan Azərbaycan miras qalmışdı. Özünün siyasi bəsirəti və uzaqgörənliyi ilə Heydər Əliyev Azərbaycanı dirçəltməyə başladı.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir!” ideyası Azərbaycanın yeni dövlətçilik konsepsiyasının təməlini qoydu.

1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etdiyi dövrdə ölkədə ictimai-siyasi sabitlik yaradıldı. Bu sabitlik iqtisadi inkişafa təkan verdi və 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Neft gəlirləri ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafına töhfə verdi. Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül mərhələsindən çıxaraq, inkişaf yoluna qədəm qoydu. İqtisadi islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Sonrakı illərdə demokratik təsisatlar yaradıldı və təkmilləşdirildi, dövlət idarəçilik təsisatları formalaşdırıldı. Böyük İpək Yolu layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolu artdı, balanslaşdırılmış xarici siyasət modeli quruldu, müasir və döyüş qabiliyyətli ordu yaradıldı.

1993-2003-cü illərdə Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmağa yönəlmişdir.

Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması dayanırdı. Bu prinsipləri çox məharətlə həyata keçirən Ümummilli Lider Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı onu dünya siyasətinin tamhüquqlu subyektinə çevirdi.

Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsini beynəlxalq müstəviyə çıxararaq, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edirdi.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün yeni Konstitusiyanın  hazırlanması işinə bilavasitə rəhbərlik etdi.

Bütün bu işlərin arxasında dahi liderin siyasi uzaqgörənliyi, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənardakı siyasi nüfuzu və usanmaz əməyi dayanırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gələcək nəsillərə möhkəm ənənələrə malik olan, intensiv inkişaf edən dövlət saxladı. Bu gün ölkəmizdə vətənpərvərlik hisslərinin yüksək olması məhz Heydər Əliyevin ideoloji xəttinin davamıdır.

Ulu Öndər demişdir: “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Bütün həyatını tam şəkildə Azərbaycan dövlətinin inkişafına həsr edən Heydər Əliyevin müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti uğurlu nəticələr vermişdir. Bu siyasət nəticəsində Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimad və faydalı əməkdaşlıq mərhələsi başlamışdır. Ötən dövrdə iki qonşu dövlət arasında ticarət dövriyyəsi genişlənmiş, gömrük-keçid məntəqələrinin sayı artırılmış, beynəlxalq təşkilatlarda əməkdaşlıq əlaqələri gücləndirilmişdir. Münasibətlərin inkişafına təkan verə bilən və qarşılıqlı faydalı nəticələrə hesablanmış məsələlər intensiv müzakirə olunur.

Bu gün iki ölkə arasındaki münasibətlərin inkişaf dinamikasının qorunması siyasəti Heydər Əliyevin siyasi kursunu ardıcıl həyata keçirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 23 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və birgə bəyanatları bir daha göstərdi ki, qonşu, dost və tərəfdaş dövlətlər olan Azərbaycan ilə İran arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcəkdir. 

 

növbəti xəbər əvvəlki xəbər