2016-05-17
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov etimadnaməsini Prezident cənab Həsən Ruhaniyə təqdim etmişdir.

 

17 may 2016-cı ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov etimadnaməsinin Prezident cənab Həsən Ruhaniyə təqdim etmişdir.

İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə beynəlxalq tədbirlər çərçivəsində, həmçinin Tehranda və Bakıda keçirdiyi görüşlərə toxunaraq, səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş etmişdir. Mərhum Prezident Heydər Əliyev ilə keçirdiyi görüşləri xatırlayaraq, Prezident cənab İlham Əliyev ilə səmimi münasibətinin yaranmasından məmnunluq ifadə etmişdir.

İran Prezidenti müxtəlif sahələr üzrə inkişaf etməkdə olan iki ölkə münasibətlərinin daha da irəliyə aparılması üçün hər iki tərəfin ciddi iradə nümayiş etdirdiyini bildirmişdir. Ölkələrimizin aidiyyəti qurumlarının qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində ciddi səylər göstərməsinin zəruriliyini bəyan etmiş, nəqliyyat və infrastruktur layihələrinin yenidən qurulması çərçivəsində Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsinin əhəmiyyətini vurğulamışdır.    

Prezident cənab Həsən Ruhani İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə və İran-Azərbaycan-Gürcüstan əməkdaşlığının ölkələrimiz ilə yanaşı regionun mənafelərinə xidmət etdiyini bəyan etmişdir. Regiondakı münaqişələrin region ölkələrinin iştirakı və əməkdaşlığı çərçivəsində sülh yolu ilə həllinin zəruriliyini bildirmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq əldə olunmuş atəşkəsin qorunacağına ümid etdiyini söyləmişdir. Sözügedən münaqişənin həllinə köməklik göstərməyə hazır olduqlarını bəyan etmişdir.

İranın nüvə proqramı ilə əlaqədar P5+1 dövlətləri ilə razılaşma əldə edilməsi və tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasından sonra yaranmış vəziyyət və fürsətdən ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün istifadə olunmasının zərurliyini vurğulayan Prezident cənab Həsən Ruhani gündəlikdə olan layihələrin yekunlaşdırılmasının qarşılıqlı faydalı əlaqələrin səviyyəsinin artmasına və daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirmişdir.    

Prezident cənab İlham Əliyevin səmimi salamlarını və yüksək ehtiramını Prezident cənab Həsən Ruhaniyə çatdıran Bünyad Hüseynov, Azərbaycan hökuməti və xalqının İran hökumətinə və xalqına ən xoş arzularını bildirmişdir. Azərbaycan Respublikası və İran İslam Respublikasının ikitərəfli münasibətlərinin ortaq tarix, mədəniyyət ilə yanaşı, xalqlarımız arasındakı qohumluq əlaqələrinə və ənənəvi dostluğa söykəndiyini vurğulamışdır.

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən dost və qardaş İran İslam Respublikasının dəstəyinin şahidi olduğunu bildirən Səfir Bünyad Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından köçkün düşən Azərbaycan vətəndaşlarına İranın öz qucağını açdığını xatırlamışdır. Münaqişə nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının problemlərinin həllində İranın bu gün də öz köməyini əsirgəmədiyini qeyd etmişdir. 

Səfir Büynad Hüseynov Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının regionun vacib ölkəsi olan İran İslam Respublikası ilə regional və beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yüksək siyasi iradə nümayiş etdirdiyini bəyan etmişdir. Azərbaycan ilə İranın Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsindəki qarşılıqlı faydalı əməkdaşlığının xalqlarımızın mənafelərinə xidmət etdiyini bildirmişdir.

Azərbaycanın Səfiri Prezident cənab Həsən Ruhaninin rəhbərlik etdiyi “tədbir və ümid hökuməti”nin P5+1 ölkələri ilə aparılan danışıqları uğurla başa çatdırması və tətbiq edilmiş sanksiyaların aradan qaldırılması münasibətilə Ali Rəhbər ayətullah-üzma Seyid Əli Xamenei həzrətlərini və İran xalqını təbrik etmişdir. Azərbaycan Respublikasının həmişə sözügedən sanksiyaların əleyhinə olduğunu və Prezident cənab İlham Əliyevin dövlətimizin bununla bağlı rəsmi mövqeyini dəfələrlə bəyan etdiyini söyləmişdir. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri qismində ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün əzmlə çalışacağını vurğulamışdır. Məsuliyyətli və şərəfli missiyanın Prezident cənab Həsən Ruhaninin rəhbərlik etdiyi hökumət ilə sıx əməkdaşlıq şəraitində həyata keçirəcəyinə əmin olduğunu bildirmişdir.

İran İslam Respublikasına və onun izzətli xalqına əmin-amanlıq və tərəqqi arzulayan Səfir Bünyad Hüseynov, Azərbaycan-İran münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu bəyan etmişdir.

 

 

 

növbəti xəbər əvvəlki xəbər