2016-09-28
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri İƏT-in baş katibi ilə görüşmüşdür

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri İƏT-in baş katibi ilə görüşmüşdür

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi təyin olunmuş Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov daimi nümayəndə təyin olunması haqqında məktubu 28 sentyabr 2016-cı ildə Təşkilatın baş katibi Halil İbrahim Akçaya təqdim etmişdir.

Söhbət zamanı səfir B.Hüseynov bildirmişdir ki, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional inkişafa töhfə verir. Azərbaycan fəal şəkildə beynəlxalq “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin həyata keçirilməsində iştirak edir. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yol layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək.

Qeyd olunmuşdur ki, Azərbaycan özünün əməli fəaliyyəti ilə İƏT-in məqsəd və hədəflərinə töhfə verməkdə davam edir.

Baş katib ölkəmizin İƏT-dəki fəaliyyətini yüksək qiymətləndirərək, qeyd etmişdir ki, Azərbaycan bütün region üçün ümumi olan nəqliyyat, alternativ enerji, ticarət və sərmayələr, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizmin daxil olduğu əsas prioritetlərə diqqət yetirir.

Görüşdə Azərbaycan ilə İƏT arasındakı münasibətlərin inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

/files/image/ECO.jpg

 

növbəti xəbər əvvəlki xəbər