2017-10-26
Tehranda “Azərbaycan İslam mədəniyyətinin incisidir” adlı foto-sərgi keçirilmişdir

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan olunması çərçivəsində 26 oktyabr 2017-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutu ilə birgə Tehran şəhərində “Azərbaycan İslam mədəniyyətinin incisidir” adlı foto-sərgi təşkil edilmişdir.

Foto-sərginin açılış mərasimində çıxış edən səfir Bünyad Hüseynov bildirmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilmişdir. Bu il ərzində Azərbaycanda bir çox beynəlxalq tədbirlər, o cümlədən “5-ci İslam Həmrəyliyi Oyunları” keçirilmişdir. Bu mötəbər idman tədbirinə 54 islam ölkəsindən 3 mindən çox idmançı qatılmışdır. Həmçinin 2017-ci ildə Azərbaycanda islam həmrəyliyi ilə bağlı müxtəlif konsertlər, festivallar, sərgilər, konfranslar keçirilmiş və bu silsilə tədbir proqramları il boyu davam edəcəkdir. İslam həmrəyliyinə çağırış təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islam dininə və həmrəyliyə verdiyi diqqətin bariz nümunəsidir”.

Səfir B.Hüseynov Prezident cənab İlham Əliyevin “bizim həmrəyliyimiz bizim gücümüzdür” sözlərindən sitat gətirməklə çıxışını bitirmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti Məhəmməd Mehdi Məzahiri isə çıxışında söyləmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini təqdirəlayiq və müdrikliklə atılan addımdır. Azərbaycan qədim tarixə və mədəniyyətə, füsunkar təbiətə və insan potensialına malik ölkədir. Dövlət başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının onun beynəlxalq aləmdəki nüfuzuna müsbət təsir göstərir. Azərbaycanın İƏT Mədəniyyət İnstitutuna üzv olmadığına baxmayaraq, İnstituta həmişə öz töhvəsini verir. İnstitut ilə Səfirlik arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndiririk. Gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik”.

Çıxışlardan sonra rəsmi açılışı olan foto-sərgidə Azərbaycanın tarixi, dini və mədəni abidələri, xüsusilə qədim və müasir Bakı, eyni zamanda işğal altında olan torpaqlarımızdakı məscidlər və dini abidələr nümayiş olunmuşdur. Sərgidəki fotolarda Azərbaycan Respublikasının regionlarındakı turizm potensialı ilə yanaşı Naxçıvan Muxtar Respublikasındakı tarixi və mədəni abidələr nümayiş olunmuşdur.

Tədbirdə İranda akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, hökumət rəsmiləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Sərgidə nümayiş olunan Azərbaycandakı dini-mədəni abidələri, Bakı şəhərindən müxtəlif mənzərələr, Qobustan qayaüstü rəsmiləri, palçıq vulkanları və Naxçıvan MR-də Duzdağ mağarası iştirakçıların marağına səbəb olmuşdur.

növbəti xəbər əvvəlki xəbər