2016-01-20

Qara Yanvar faciəsinin 26-cı ildönümü

Tehran, 20 yanvar 2016-cı il

          2016-cı il yanvarın 20-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 26-cı ildönümünü anma mərasimi təşkil edilmişdir.

          Əvvəlcə 20 Yanvar faciəsi zamanı həlak olan şəhidlərin ruhuna dualar oxunmuş, faciədən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

          Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və hərbi avtomatlardan atəşə tutmuşdur. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.

          20 Yanvar faciəsində müsəlman azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 4 nəfər elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur.

          1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda da milli-azadlıq hərəkatının baş qaldırmasına səbəb olmuşdu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

          Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış sovet kəşfiyyat orqanları tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Bakı şəhərində 1990-cı il 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-da zirehli maşınlardan xalqa elan edilmişdir.

          Azərbaycan xalqı hər il 20 Yanvarda öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir, 20 Yanvar faciəsi ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

          Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

          Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycanın müasir tarixində ölkənin azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi xüsusi əhəmiyyəti yüksək qiymətləndirilmişdir.  

Arxiv üzrə axtarış