Azərbaycan Respublikası Prezidentinin İran İslam Respublikasına rəsmi səfəri
2016-cı il fevralın 23-də Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.
Prezident İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəldi.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və İranın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.
Prezidentlər birgə foto çəkdirdilər.
İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olundu.
Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu. Əlaqələrin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə, o cümlədən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Görüşdə Prezident Həsən Ruhani bildirdi ki, dövlətimizin başçısı İlham Əliyevin İrana rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək. Bu gün əməkdaşlıq əlaqələrimiz sürətlə inkişaf edir və bütün sahələri əhatə edir.
İran Prezidenti səfər çərçivəsində imzalanacaq sənədlərin münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdi. İran dövlətinin başçısı dedi ki, əlaqələrimizin hazırkı inkişafı ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına və dostluğuna əsaslanır. Prezident Həsən Ruhani qeyd etdi ki, əlaqələrimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, münasibətlərimizin bütün sahələrdə daha da irəliyə aparılmasını mühüm vəzifə kimi qarşıya qoyur.
İranın ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış etdiyini vurğulayan Prezident Həsən Ruhani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, beynəlxalq məsələlərdə dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyini vurğuladı. İran dövlətinin başçısı ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlığın əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu bildirdi. Dövlətimizin başçısı İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə İran Prezidentini və xalqını təbrik etdi. Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğuladı. Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini bildirdi, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji, sərmayə qoyuluşu, bank, ticarət, turizm, nəqliyyat, yüklərin daşınması, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd olundu. Görüşdə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğu vurğulandı. Həmçinin Azərbaycanın və İranın birlikdə digər ölkələrlə də əməkdaşlıq imkanları müzakirə olundu.
İslamofobiya meyillərinin artmasından narahatlığın ifadə olunduğu görüşdə belə halların qarşısının alınması ilə bağlı müzakirələr aparıldı.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş”i Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və İranın maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Məsud Kərbasian imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Abbas Axundi imzaladılar.
“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”ni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları Şirkətinin baş direktoru Möhsün Purseyid Ağayi imzaladılar.
“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İran Prezidentinin ailə və qadın məsələləri üzrə müavini xanım Şəhindoxt Mövlaverdi imzaladılar.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi imzaladılar.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii imzaladılar.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Neft Şirkəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İran Milli Neft Şirkətinin prezidenti Rüknəddin Cavadi imzaladılar.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Qədir İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İranın Qədir İnvestisiya Şirkətinin prezidenti Süleymani Əmiri imzaladılar.
Elə həmin gün Prezident İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
Görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulandı, bu barədə iki ölkə prezidentlərinin görüşlərində də müzakirə aparıldığı bildirildi. Həmçinin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcəyi qeyd olundu.