2015-12-10

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anım mərasimi

2015-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Iran  Islam Respublikasındakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. 
Mərasimdə Azərbaycan xalqının ümummilli liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.

Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən bəhs etmiş, Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandığı, müstəqil dövlət quruculuğu prosesinin başlandığı qeyd olunmuşdur.

Heydər Əliyevin müasir Azərbaycanın inkişafında roluna nəzər salarkən, onun Azərbaycan Sovet İttifaqının tərkibində olduğu zamanda da ölkə rəhbəri kimi xidmətləri diqqətdə saxlanılmalıdır. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə ölkədə müasir infrastuktur yaradılmış, yeni şəhərlər salınmış, xeyli sayda fabrik və zavodlar tikilmişdi. Bu dövrdə strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənc kadrların təkmilləşdirilməsi məqsədilə azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərilirdilər. 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil məktəblərinin sayı 12-dən 17- yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlmişdir. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı azərbaycanlı mütəxəssis hazırlanmışdır. Məhz Heydər Əliyevin gördüyü qətiyyətli tədbirlərin sayəsində ali hərbi məktəblərə qəbul olunan azərbaycanlı gənclərin sayı intensiv surətdə artmağa başlamış, Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi litsey yaradılmışdı. 1969-1982-ci illər ərzində Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və strateji tədbirlər nəticəsində Azərbaycan sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. 




Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olmuş, bütün sahələrdə islahatlara başlanılmışdır. 
1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi dövrün əsas uzunmüddətli irəliləyişləri arasında ölkədə ictimai-siyasi sabitləşmə, demokratik təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət idarəçilik təsisatlarının formalaşdırılması, 1994-cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın əsas prioritetlərinin müəyyənləşdirilməsi, müstəqil dövlətin neft strategiyasının yaradılması, bu strategiyanın əsası olan "Əsrin müqaviləsi" sazişinin imzalanması, Böyük İpək Yolu layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolunun dəyişməsi, tarazlı xarici siyasət modelinin formalaşdırılması, müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s. qeyd etmək olar. 
Heydər Əliyev Azərbaycan dilinin böyük himayədarı olmuş, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsinə mühüm töhfəsini vermişdir. 
1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül mərhələsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. 
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. 
Heydər Əliyevin Prezident olduğu dövrdə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilmiş, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılmışdır.
Təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətini tam şəkildə Azərbaycan xalqının dövlətçilik tarixinə həsr edən Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdandan sonra müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti də uğurlu nəticələr vermişdir. Bu siyasət nəticəsində Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimad və inkişaf mərhələsi yaranmışdır. Ötən dövrdə iki qonşu dövlət arasında ticarət dövriyyəsi genişlənmiş, gömrük-keçid məntəqələrinin sayı artırılmış, beynəlxalq təşkilatlarda əməkdaşlıq əlaqələri gücləndirilmiş, qarşılıqlı faydalı əməkdaşlığa dair ardıcıl işlər aparılmış, münasibətlərin inkişafına təsir edə bilən və qarşılıqlı faydalı nəticələrə hesablanmış məsələlər intensiv müzakirə olunur. İki ölkə arasında münasibətlərin inkişaf dinamikasının qorunması siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2014-cü il ərzində Azərbaycan Respublikası və İran İslam Respublikasının Prezidentlərinin və digər yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı rəsmi səfərləri baş tutmuş, iki ölkə arasında əməkdaşlığın yeni sahələrini müəyyən edən və inkişaf etdirən sənədlər imzalanmışdır. 

 


Arxiv üzrə axtarış