2014-01-31

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi

 

2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) (1918-1920) banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

 Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

 Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində AXC-nin müstəsna yeri və rolu vardır. Azərbaycan Xalq Cümhuriyyətinin tarixində isə M.Ə.Rəsulzadənin xüsusi xidmətləri olub. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Çar Rusiya İmperiyasının parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdi. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 

 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar.  M.Ə.Rəsulzadə başda olmaqla Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi ictimai xadimlər XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini yazıblar. 1918-ci il mayın 28-də Tbilisidə - keçmiş Qafqaz canişininin iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilib və uzun müzakirədən sonra Azərbaycan Xalq  Cümhuriyyətinin  İstiqlaliyyət  Bəyannaməsi qəbul  edilib.  Fətəli  xan Xoyskinin   başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.

 Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlər həyata keçirilib, türk islam dünyasında ilk demokratik parlament formalaşıb, insanların demokratik hüquq və azadlıqları bərqərar olunmuş, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququ verilib. M.Ə.Rəsulzadənin təşəbbüsü və səyləri nəticəsində 1919-cu ildə Bakı Dövlət Universitetini yaradılıb və o, burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.

 1920-ci il 27 aprel işğalından sonra M.Ə.Rəsulzadə həbs edilərək Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib. Görkəmli ictimai-siyasi xadim ömrünün sonunadək öz məsləkinə, məqsədinə, ideologiyasına sadiq qalaraq ədəbi, siyasi-publisistik fəaliyyətini Türkiyə, Almaniya və Avropanın digər ölkələrində davam etdirib.

 M.Ə.Rəsulzadənin XX əsrin əvvəllərində çar üsul idarəsi tərəfindən təqiblərdən yaxa qurtarmaq üçün İranda yaşadığı dövrdə baş redaktoru olduğu "İrane Nou" və "Ahad" qəzetləri, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsi, Tehranda nəşr edilmiş "Tənqidi-firqeyi-etidaliyyun", Ərdəbildə nəşr edilmiş "Səadəti-bəşər" kitabları ədəbi-publisistik yaradıcılığında xüsusi yer tutur.   Onun Azərbaycanda və daha sonralar Türkiyədə nəşr etdirdiyi "Qaranlıqda işıqlar", "Nagəhan bəla" pyesləri, "Əsrimizin Siyavuşu",  "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "İstiqlal məfkurəsi və gənclik"  əsərləri də xüsusi qeyd olunmalıdır.   

 Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış Ankara Universitetinin tibb fakültəsinin klinikasında  üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşub,  Ankaranın Əsri qəbristanlığında dəfn edilib.

 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli fərman imzalamışdır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncam imzalamışdır. 

Arxiv üzrə axtarış