2014-02-26

Xocalı soyqırımının 22-ci ildönümü



2014-cü il fevralın 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərini zəbt etməsinin və dinc əhaliyə qarşı qətliam törətməsininn 22-ci ildönümü tamam olur. 
   
XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemindən düz 26 il ötür. 1988-ci ildən bugünədək davam edən Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli günü isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımıdır. Bu qətliam bəşər tarixinin ən qanlı faciələrdən biri hesab olunur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini zəbt etmiş,  burada yaşayan dinc əhaliyə divan tutmuşlar.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-da səhər şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər; 
qadınlar - 106 nəfər; 
qocalar - 70 nəfər.

İşğal zamanı bir gecədə 53 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb.

8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan  76 nəfəri uşaqlardır. 
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.

Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

22 il öncə qədim Azərbaycan torpağı olan Xocalı yerlə-yeksan edildi. Qədim kurqanları, dik daşları, tunc və dəmir dövrünə aid tarixi abidələri, 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. darmadağın oldu. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. 

Bu faciə bir sıra beynəlxalq təşkilatlar tərəfindən və dövlətlərin parlamentləri tərəfindən soyqırımı kimi tanınır. 

İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 2007-ci ildə İslamabadda keçirilmiş sessiyasında Xocalı faciəsinə siyasi qiymət verilmişdir. 

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində keçirilmiş 7-ci sessiyasında “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə əlavə edilmiş bənddə İƏT Pİ üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (Xocalı faciəsinin 20-ci ildönümü) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırım xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir. 

2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında Xocalı qətliamını soyqırım aktı kimi tanıyan növbəti sənəd qəbul edilib. 

Bundan əlavə, Pakistan (fevral 2012), Meksika (fevral 2012), Çexiya (fevral 2013), Kolumbiya (aprel 2012), Bosniya və Herseqovina (fevral 2013), Peru (iyun 2013) və Honduras (yanvar, 2014) parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. ABŞ-ın Massaçusets, Nyu-Cersi, Corciya, Vest Virciniya, Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennessi, Konnektikut və Florida ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.  

İslam Konfransı Təşkilatı Gənclər Forumunun Baş Koordinatoru xanım Leyla Əliyeva   tərəfindən 8 may 2008-ci il tarixində “Xocalıya Ədalət, Qarabağa Azadlıq”  kampaniyası üzrə təşəbbüs irəli sürülmüşdür. Bu kampaniya çərçivəsində Xocalı faciəsinə beynəlxalq siyasi-hüquqi qiymət verilməsi və Azərbaycanlılara qarşı soyqırımı aktı olaraq tanınması, habelə beynəlxalq ictimaiyyətin bu soyqırım barədə məlumatlılıq səviyyəsinin artırılması üzrə işlər həyata keçirilir. Kampaniya çərçivəsində yaradılmış www.justiceforkhojaly.org internet səhifəsində “Dünya liderlərinə Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət kimi tanınması və dünyada ədalətsizliyə qarşı mübarizə” adlı petisiya imzalama kampaniyasında artıq 144772 nəfər iştirak edərək Xocalıda qətlə yetirilmiş, zorakılıqlara məruz qalmış, əsir götürülmüş, itkin düşmüş günahsız insanların başlarına gətirilənlərə qarşı etirazlarını bildirmişlər. 

Arxiv üzrə axtarış