2014-03-20

Səfirlikdə Novruz bayramı münasibətilə ziyafət



2014-cü il martın 19-da Azərbaycan Respublikasının (AR) İran İslam Respublikasındakı (İİR) Səfirliyində İİR-də akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin başçılarının, o cümlədən, Novruz bayramını ölkələrində qeyd edən Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Əfqanıstan, Pakistan Səfirlərinin, habelə Azərbaycanın Novruz ənənələrini tanıtmaq məqsədilə, Norveç, Finlyandiya, Slovakiya, Rusiya, Çex Respublikasının İrandakı Səfirlərinin iştirakı ilə ziyafət təşkil olunmuşdur. 
Səfir Cavanşir Axundov qonaqlara Novruz bayramının Azərbaycanda keçirilməsi ilə bağlı mövcud olan ənənələr, SSRİ dövründə bu bayramın Azərbaycan xalqının milli ruhunun bariz göstəricilərindən biri olması baxımından qadağan edilməsinə baxmayaraq, xalqımızın bu bayram ənənələrini qoruyub saxlayaraq sonrakı nəsillərə ötürməsi ilə bağlı ətraflı məlumat vermişdir. Səfirlərə eyni zamanda bildirilmişdir ki, 2010-cu ildə BMT-də Azərbaycanın təşəbbüsü ilə Novruzun beynəlxalq bayram statusu alması ilə bağlı qətnamə irəli sürülmüş, BMT üzvü olan 11 dövlətin (Albaniya, Azərbaycan, Əfqanıstan, İİR, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Keçmiş Yuqoslav Respublikası Makedoniya) həmmüəllif kimi qoşulduğu bu qətnamə yekdilliklə qəbul edilmişdir. 
Qonaqlara Novruzun Azərbaycanda təntənəli qeyd olunması, bayramın tarixi kökləri, mədəni irsimizi nümayiş etdirən video süjet nümayiş etdirilmişdir. Daha sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələrindən olan və məhz Novruz bayramında, İlAxır Çərşənbədə süfrədə olmasının rəmzi məna daşıdığı təamlar təqdim edilmişdir. Tədbirin sonunda Novruz adət-ənənəsinə uyğun olaraq, qonarlar, Novruz tonqalının üzərindən hoppanmışlar.    


Arxiv üzrə axtarış