Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi
2014-cü il mayın 10-da Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi münasibətilə “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və Heydər Əliyev” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə İranın dövlət və hökumət nümayəndələri, Tehrandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, İranda təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycan xalqının ümummilli liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Çıxış edənlər müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, siyasi fəaliyyətindən və tarixi xidmətlərindən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Heydər Əliyev zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu Azərbaycanı bir dövlət kimi ağır və sərt sınaqlardan çıxarmışdır. Bu sınaqlar sırasında milli dövlətçiliyin dağılmaq təhlükəsi, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında durğunluq xüsusi qeyd olunmalıdır.
Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışı ilə, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.
Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının tərkib hissəsi olmuş və Azərbaycanın gələcək inkişafına öz əvəzolunmaz töhfəsini vermişdir.
Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmağa yönəlmişdir. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası ardıcıl prioritet sahələr olmuşdur.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və siyasi perspektivlərə əsaslanaraq inkişaf etmişdir.
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan iqtisadiyyatın Azərbaycan modeli bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə artıq inkişafın elə bir səviyyəsinə gəlmişdir ki, o borcalan dövlətdən borcverən dövlətlər sırasına daxil olmuşdur.
Heydər Əliyev irsinə sadiq qalaraq son on il ərzində həyata keçirilən siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyat real ifadədə 3 dəfədən çox, dövlət büdcəsi 19 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enmiş, 1 milyondan artıq yeni iş yeri açılmışdır. Bu gün Azərbaycanın xarici valyuta ehtiyatı 48 milyard dollardan artıqdır. 2013-cü il ərzində Ümumi Daxili Məhsulun real artım tempi 5.8% təşkil etmiş və cari qiymətlərlə 57.7 milyard manat olmuşdur. 2013-cü ildə əhalinin gəlirləri əvvəlki il ilə müqayisədə 8.0 faiz artaraq 37.6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi ayda orta hesabla 336.6 manat təşkil etmişdir.
Son zamanlar Azərbaycan Respublikasında səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmişdir. Səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 2013-cü ildə 12 dəfə artmışdır. Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onların təxminən 70 faizi regionların payına düşür.
Dövlət proqramlarının icrasına ayrılan vəsait ilbəil artırılır. Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80.1 milyon manat vəsait sərf olunmuşdur. 2014-cü ildə isə bu istiqamətdə 86.0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətini tam şəkildə Azərbaycan xalqının dövlətçilik tarixinə həsr edən Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdandan sonra müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti uğurlu nəticələr vermişdir. Bu siyasət nəticəsində Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimad və inkişaf mərhələsi yaranmışdır. Ötən dövrdə iki qonşu dövlət arasında ticarət dövriyyəsi genişlənmiş, gömrük-keçid məntəqələrinin sayı artırılmış, beynəlxalq təşkilatlarda əməkdaşlıq əlaqələri gücləndirilmiş, qarşılıqlı faydalı əməkdaşlığa dair ardıcıl işlər aparılmış, münasibətlərin inkişafına təsir edə bilən və qarşılıqlı faydalı nəticələrə hesablanmış məsələlər intensiv müzakirə olunur. İki ölkə arasında münasibətlərin inkişaf dinamikasının qorunması siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2014-cü il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat bir daha göstərdi ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İran ilə Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcəkdir.