2014-05-22

Azərbaycan Respublikası Tehran Universitetində təşkil olunmuş sərgidə təmsil olunmuşdur

2014-cü il 19-21 may tarixlərində İran İslam Respublikası (İİR) Təhsil Nazirliyinin təşkilatçılığı ilə Tehran Universitetində keçirilən Tehran Universitetində təhsil alan xarici tələbələrin 12-ci məzunlar festivalı və 7-ci beynəlxalq milli sərgidə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin dəstəyi ilə Azərbaycana həsr olunmuş guşə yer almışdır. Festival və sərgidə 28 ölkə, o cümlədən Türkiyə, Albaniya, Qazaxıstan, Somali, Banqladeş, Vyetnam, Çin, Koreya, Yaponiya, Pakistan və s. ölkələr təmsil olunmuşlar. Tədbirin açılışında İran İslam  Respublikasının Təhsil Naziri və Nazir müavinləri, İranda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Tehran Universitetinin professor və müəllim heyəti iştirak etmişdir.

Azərbaycan guşəsində Tehran Universitetində təhsil alan Azərbaycan Respublikasından olan tələbələr tərəfindən ölkənin milli geyimləri nümayiş etdirilmiş, milli şirniyyat nümunələri təqdim olunmuşdur.

Guşədə Azərbaycanın milli atributları, ölkənin, paytaxt Bakının görməli yerlərini əks etdirən poster və şəkillərlə bəzənmişdir. Burada Azərbaycan, Azərbaycan xalçaları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar, məcmuələr, müxtəlif suvenirlər nümayiş etdirilmişdir.  


Arxiv üzrə axtarış