2015-08-05

Azərbaycan nümayəndə heyəti İranda səfərdə olmuşdur

İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2015-ci il avqustun 3-4-də İran İslam Respublikasında səfərdə olmuşdur. Nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərenerji" ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxil idi.
İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin dəvəti əsasında həyata keçirilmiş səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən qəbul edilmiş, bir sıra görüşlər keçirilmişdir.
İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edərək ölkələrimiz arasında tarixi dostluq münasibətlərini vurğulamış, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd etmişdir. Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən Həsən Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə dair fikirlərini bölüşmüşdür.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkürünü bildirmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xüsusi məktubunu İran Prezidentinə çatdırmışdır. Şahin Mustafayev qeyd etmişdir ki, danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayırıq. Bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanırıq. Azərbaycan və İran prezidentlərinin 2014-cü ildə həyata keçirdikləri qarşılıqlı rəsmi səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını vurğulayan Şahin Mustafayev neft, kimya, ticarət, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, bankçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün imkanları qeyd etmişdir.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan və İran dövlət başçılarının böyük rolunu qeyd etmiş, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan İranla həm sanksiyalar dövründə əməkdaşlıq edib və sanksiyalar aradan qalxdıqdan sonra da əməkdaşlıq edəcəkdir. Azərbaycan və İran arasında neft-qaz, energetika, nəqliyyat, təhsil, səhiyyə sahəsində və özəl qurumlar arasında əlaqələrin mövcud olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev bu əməkdaşlığın ildən-ilə genişləndiyini, bunun üçün böyük potensialın olduğunu qeyd edilmişdir. Görüşdə həmçinin, Dövlət Komissiyasının ötən ilin avqustunda Bakıda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, görülən işlərin gedişi barədə fikir mübadiləsi aparılmış, bir sıra sahələrdə irəliləyişlərə nail olunduğu bildirilmiş, Komissiyanın növbəti iclasına dair müzakirələr aparılmışdır.
Görüşdən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi birgə mətbuat konfransı keçirmiş, KİV nümayəndələrinin suallarını cavablandırmışlar.

İranın neft naziri Bijan Namdar Zəngənə ilə keçirilmiş görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri barədə geniş məlumat vermiş, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Görüşdə neft-qaz sahəsində fəaliyyət göstərən Azərbaycan və İran şirkətlərinin ölkəmizdə və İranda işləməyə maraq göstərdiyi qeyd edilmiş, təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, neft-qaz maşınqayırması və neft-qaz avadanlığının birgə istehsalı sahələrində əməkdaşlıq və s. məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Nazir Şahin Mustafayev bildirmişdir ki, İran neft və qazını Avropa bazarlarına ixrac etmək üçün Azərbaycanın infrastrukturundan istifadə edə bilər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə də görüşmüşdür. Görüşdə iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmiş, qarşılıqlı investisiya qoyuluşunun həyata keçirilməsinə dair İşçi Qrupunun yaradılması qərara alınmışdır.
İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlardan danışmış, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları barədə məlumat vermişdir. Görüşdə Şimal-Cənub dəmiryolu layihəsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanmış, bu sahədə müvafiq İşçi Qrupunun yaradılması barədə razılıq əldə edilmişdir.

 

 

 

Arxiv üzrə axtarış