2014-05-14

Ümumdünya şöhrətli sənətkar Alim Qasımovun Tehranda konserti

2014-cü il mayın 13-də Tehranın ən böyük salonlarından birində - Beynəlxalq sərgi Mərkəzinin "Milad" salonunda ümumdünya şöhrətli sənətkar Alim Qasımovun konserti olmuşdur.
Tehranın “Milad” beynəlxalq sərgi salonunda dünya şöhrətli azərbaycanlı muğam ustası Alim Qasımovu tamaşaçılar ayaq üstə, gurultulu alqışlarla qarşıladılar. Konsert öncəsi, dünya şöhrətli muğam ustası Alim Qasımovun İrana dəvət olunmasının əsas təşəbbüskarı, şair Xosrov Sərtibi çıxış edərək Alim Qasımovun muğam sənətində oynadığı müstəsna rolundan danışdı. X.Sərtibi məşhur musiqiçi Yo-Yo Manın aşağıdakı fikrini dinləyicilərin nəzərinə çatdırdı: “Mən xoşbəxtəm ki, Alim Qasımov kimi sənətkarla eyni bir zamanda yaşayıram". Daha sonra şair Xosrov Sərtibi Şərq poeziyası və musiqisinin qüdrətindən danışdı, ozünün Alim Qasımova həsr etdiyi şerini oxudu.
Konsertdən əvvəl Alim Qasımovun Tehrana gəlişini əks etdirən videoçarx maraqla qarşılandı. Artıq bu süjet sənətkarın İranda nə qədər məşhur olduğunu nümayiş etdirdi: belə ki, adi Tehran sakinləri onu küçədə üzdən tanıyır, ayaq saxlayıb söhbət edir, onunla foto çəkdirirdilər.
Alim Qasımovun öz sazəndə dəstəsi ilə səhnəyə çıxması sürəkli alqışlarla qarşılandı. Tamaşaçılar zaldan onu “Alim yaşa!!!” sədaları ilə alqışladılar.
3 saata yaxın, fasiləsiz davam edən bu konsertdə Alim Qasımov xarüqələr yaratdı. O, özü də dinləyicilərə müraciət edərək bu çıxışına xüsusi önəm verdiyini söylədi: "İranda, muğam biliciləri qarşısında konsert vermək, sənətkar üçün böyük məsuliyyət və şərəfdir. Çalışaq, elə bir sənət yaradaq ki, tarixdə qalsın", - deyə Alim Qasımov minnətdarlığını tamaşaçılara buildirdi.

Konsertin dinləyicisi olan  musiqişünas, professor, əməkdar incəsənət xadimi  Zümrüd Dadaşzadə öz təəssüratlarını  bölüşdü: "Alim Qasımovun hər bir çıxışı  əsil sənət hadisəsi olur. Onun  muğam və el havalarımızı  yeni görüm bucağından təfsir etmək  bacarığı heyrətamizdir. Tehran  konserti bu baxımdan istisna olmadı. Üç saata yaxın bir müddətdə auditoriyanı  ovsunlamağı, diqqətini səfərbər etməyi bacaran Ustad həmin axşam  möcüzələr yaratdı. Onun Çahargah, Segah üstündə oxuduğu kompozisiyalar   öz orijinal quruluşu ilə fərqlənir, muğam ifası ənənəsinə yeni təravətli münasibət sərgiləyirdi. "Rast" dəstgahının dramaturji xəttini məharətlə quran Alim Qasımov kulminasiya  nöqtəsində böyük emosional gərginliyə nail olub, zalın hərarətli alqışlarını qazandı. A.Qasımovun ansamblın musiqiçiləri ilə  tam rabitədə çıxış etmək bacarığı, ifa əsnasında əldə olunan qeyri-adi, təravətli polifonik səslənmələr, poliritmik uzlaşmalar da  diqqətimdən yayınmadı. Sonda səslənən  "Sarı gəlin"  lirik mahnısı isə Alim Qasımovun təkrarsız yozumunda yeni rənglərlə bərq vurdu, hədsiz dərəcədə kədərli, hətta dramatik səslənərək  ürəkləri riqqətə gətirdi.  Minnətdar Tehran auditoriyasını da qeyd etməyə bilmərəm. Həmin axşam "Milad" salonunda hökm sürən ovqat ancaq futbol stadionundakı emosiyalarla müqayisə oluna bilər: dinləyicilərlə səhnədəki musiqiçilərin nəbzi bir vurur, ürəkləri həmahəng döyünürdü. Heç bur mübaliğəyə yol verməyərək söyləməliyəm ki, A.Qasımovun son çıxışı Azərbaycan sənətinin, ulu, müdrik, həmişəyaşar muğam sənətinin təntənəsinə çevrildi". 

2 mindən çox tamaşaçının yığıldığı tamaşa zalında təxminən 50 dəqiqə çəkən “Rast” dəstgahının ifası isə konsertin kulminasiya nöqtəsi oldu. Ustad konsertə “Sarı gəlin"i mahnısı ilə son verdi. Sonra Alim Qasımovun bir neçə il bundan əvvəl Təbrizdə verdiyi konsertinin diskinin təqdimatı oldu.





Arxiv üzrə axtarış