2016-04-02

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlaması

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib. Cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz əməllər nəticəsində mülki şəxslər arasında ölənlər, yaralananlar və şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar vardır.

Yaranmış vəziyyətə görə bütün məsuliyyət təcavüzkar və işğalçı dövlət kimi, Ermənistanın üzərinə düşür.

Ermənistan Silahlı Qüvvələrinin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş əməlləri Azərbaycan Respublikasının Kəlbəcər rayonunun 1993-cü il aprelin 2-də işğalı tarixi ilə üst-üstə düşür. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən məxsusi olaraq 822 saylı (1993) qətnamə qəbul edilmişdi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, vəziyyətin qəsdən gərginləşdirilməsi və mülki insanların hədəfə alınmasına yönələn təxribatçı əməllər davam etdirilir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsi və insidentlərin baş verməsinin əsas səbəbidir.

Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq ictimaiyyət qəti şəkildə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını rəsmi Yerevandan tələb etməlidir.

Arxiv üzrə axtarış