Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Ramsar şəhərində 5 aprel tarixində keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən və inkişafından məmnunluq ifadə olundu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 23 fevral tarixində İrana etdiyi səfərin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində mühüm addım olduğu vurğulandı.
İkitərəfli əsasda münasibətlərin bütün sahələrdə inkişaf etdiyi qeyd olundu, hər iki ölkə arasında əməkdaşlığın vacib komponenti olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yol xəttinin inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Həmçinin, ikitərəfli və çoxtərəfli formatda Azərbaycan və İran əlaqələrinin regional əməkdaşlığa mühüm töhfələr verdiyi bildirildi. Bu xüsusda da 7 aprel 2016-cı il tarixində Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli formatında xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyi qeyd olundu.
Cəbhədə yaranan son vəziyyətlə əlaqədar ətraflı məlumat verən nazir Elmar Məmmədyarov bildirdi ki, Ermənistan Silahlı Qüvvələri 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini hədəfə alaraq, Azərbaycan qoşunlarının təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutub. Nazir əlavə etdi ki, həmin gün saat 15:00-dan etibarən atəşkəsin başlanması barədə razılıq olsa da, Ermənistan tərəfi buna riayət etməyib, eyni zamanda 3 aprel tarixində Azərbaycan tərəfi xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək, əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərar versə də, Ermənistan artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutmaqda davam edib. Nazir bildirdi ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır, bütün vasitələrlə, o cümlədən gərginliyin yaradılması və saxlanılması ilə münaqişənin həllinin əsasını təşkil edən məsələlərdən diqqəti yayındırmağa və status-kvonu saxlamağa çalışır. O, qeyd etdi ki, beynəlxalq ictimaiyyət Ermənistana ciddi təzyiq göstərməli və Ermənistanın təxribatları dayandırmasına və Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasına nail olunmalıdır. Azərbaycan atəşkəsin təmin edilməsi və münaqişənin həlli istiqamətində ciddi siyasi prosesin başlamasının tərəfdarıdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaranmış vəziyyətdən narahat olduqlarını bildirdi. O, əlavə etdi ki, ölkəsinin Azərbaycanla çox yaxşı əlaqələri mövcuddur. Məhəmməd Cavad Zərif Ermənistan tərəfindən atılan mərmilərdən birinin İran ərazisinə düşdüyü və bununla bağlı İranın Müdafiə nazirinin hər iki ölkənin müdafiə nazirləri ilə danışıqlar apardığı barədə məlumat verdi. İran atəşkəsin tezliklə bərpa olunması və münaqişənin ən qısa müddət ərzində həllinə tərəfdar olduğunu vurğuladı.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə olundu.