2016-04-07

Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının xarici işlər nazirlərinin üçtərəfli görüşünün mətbuat açıqlaması

7 aprel 2016-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının xarici işlər nazirləri cənab Elmar Məmmədyarov, cənab Məhəmməd Cavad Zərif və cənab Sergey Lavrovun görüşü keçirilib. Görüşün yekununda tərəflər ölkələrin regional və beynəlxalq məsələlər üzrə dialoq və qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcək xarici işlər nazirlərinin üçtərəfli formatda görüşünün vacibliyini vurğuladılar.

Tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdimək və gücləndirmək barədə razılığa gəldilər.

Xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn ümum qəbul olunmuş norma və prinsiplərinə sadiqliklərini təsdiq etdilər. Bu konteksdə onlar həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğuladılar.

Tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd etdilər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə etdilər.

Tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, infrasturuktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahəsində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəldilər. 

Xarici işlər nazirləri ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşvıqinin zəruriliyini vurğuladılar. Sərmaye layihələrinin reallaşdırılması və yeni texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzrə maraqlarını ifadə etdilər.

Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub-saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzimli olduqlarını təsdiq etdilər. Tərəflər Xəzər dənizin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəldilər. 

Tərəflər etiraf etdilər ki, təhlükəsiz və etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək və onların xalqlarının rifahına töhfə verəcəkdir. Tərəflər bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında avtomobil və dəmir yolu, dəniz nəqliyyatının və yüklərin daşınma vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq etdilər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini qeyd etdilər.

Tərəflər sahəvi qurumlar və təşkilatlar formatında yuxarıda qeyd edilən istiqamətlərin müzakirəsi mövzusunda razılığa gəldilər.

Tərəflər öz dövlət başçılarının təlimatına uyğun olaraq, birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanmasına razılaşdılar.

Arxiv üzrə axtarış