2016-04-08

Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

2016-cı il aprelin 7-də Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəmizə səfəri zamanı Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçiriləcəyinə toxunan Prezident İlham Əliyev hər iki tərəfin bu sahələrdə fikirlərinin üst-üstə düşdüyünü vurğuladı, səfərin ikitərəfli əlaqələrimizi əhatə edən bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını bildirdi. Dövlətimizin başçısı İrana son səfərini məmnunluqla xatırlayaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə dünən baş tutmuş telefon söhbətində də bir daha səfər zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdiyini dedi. Səfəri çərçivəsində bir sıra məsələlərlə bağlı razılıq əldə olunduğunu, çoxlu sayda sənədlərin imzalandığını qeyd edən Prezident İlham Əliyev bunun ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaratdığını vurğuladı və bu səfəri tarixi səfər kimi dəyərləndirdi. Azərbaycan ilə İran arasında əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasından məmnunluğunu bildirən dövlətimizin başçısı ölkəmizin mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu dedi, qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini qeyd etdi.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyevin İrana səfərini xatırlayan Məhəmməd Cavad Zərif bu səfərin ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinə tarixi töhfə verdiyini vurğuladı. İranın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, İran və Rusiya prezidentlərinin razılığı əsasında həyata keçirilən üçtərəfli əməkdaşlıq formatının önəmini qeyd etdi. Azərbaycan və Rusiyadan olan həmkarları ilə əməkdaşlığın müxtəlif sahələri ətrafında müzakirələrə artıq başladıqlarını bildirən Məhəmməd Cavad Zərif ölkələrimiz arasında tranzit, gömrük məsələləri, ekstremizmə qarşı mübarizə, həmçinin turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı. Məhəmməd Cavad Zərif qeyd etdi ki, bu üçtərəfli format İranın həm Azərbaycan, həm də Rusiya ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, həmçinin ölkələr arasında üçtərəfli əməkdaşlığın inkişafı üçün tarixi fürsət yaradır.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

Arxiv üzrə axtarış