2016-04-11

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində “Azərbaycanın mülki əhalisinə qarşı erməni təcavüzü” mövzusunda təqdimat keçirilib

2016-cı il aprelin 11-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində “Azərbaycanın mülki əhalisinə qarşı erməni təcavüzü” mövzusunda təqdimat keçirilib. 

Tədbirdə Almaniyanın, Rusiyanın, Fransanın, Türkiyənin, Polşanın, Çexiyanın, Ukraynanın, Braziliyanın, Venesuelanın və digər ölkələrin İranda akkreditə olunmuş hərbi attaşeləri, diplomatik korpusun əməkdaşları, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Hərbi attaşe polkovnik-leytenant Emin Əzimzadə Azərbaycana qarşı erməni təcavüzü haqqında məlumat verib. Tədbir iştirakçılarına erməni silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır silahlardan aramsız atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananlar, habelə yerli infrastruktura dəymiş böyük ziyan barədə faktlar əsasında hazırlanmış məlumatlar çatdırılıb. Eyni zamanda, xarici ölkələrin nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində erməni tərəfinin yaydığı dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.

Tədbir iştirakçılarına 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələri və Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına qarşı gördüyü tədbirlər barədə məlumatları əks etdirən CD-lər, həmçinin informasiya bəyanatları paylanıb.

 

 

 

Arxiv üzrə axtarış