Xarici işlər naziri Elmar Məmmədyarov İranın Rabitə və İnformasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Rabitə və İnformasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və İran İslam Respublikasının Prezidentləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı.
Mahmud Vaezi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş son gərginlik zamanı mülki Azərbaycan əhalisi və hərbi qulluqçuların həyatını itirməsi ilə əlaqədar başsağlığı verdi. O, İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha vurğuladı.
O, hökumətlərarası birgə komissiya çərçivəsində həyata keçirilən birgə tədbirlər sayəsində iqtisadiyyat, nəqliyyat, neft-qaz, kənd təsərrüfatı, turizm, əczaçılıq, maşınqayırma, rabitə və informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini qeyd etdi.
İranlı qonaq ölkəsinin regional sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirərək, beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etdi.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrana sonuncu səfərinin, səfər zamanı keçirilmiş görüşlərin və imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımdan böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. O, Mahmud Vaezini Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik etdi.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İranın tutduğu ədalətli və davamlı mövqeyin yüksək qiymətləndirildiyini vurğuladı. Münaqişənin həlli və regionda davamlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi.
Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli formatında da inkişaf etdiyini qeyd edən Elmar Məmmədyarov bu xüsusda 5 aprel tarixində İranın Ramsar şəhərində, 7 aprel tarixində isə Bakıda keçirilmiş üçtərəfli görüşləri qeyd etdi.
Nazir aprelin 20-də Astara çayı üzərində tikintisinin təməli qoyulmuş dəmir yolu körpüsünün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu dedi. O, körpünün ölkələrimizin tranzit potensialının artmasına və böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan yaradacağını xüsusi vurğuladı.
Görüşdə həmçinin iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf etdirilməsi, energetika, nəqliyyat, neft daşımaları, ticarət, bank sektoru və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.