2016-04-28

Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərinin birgə Mətbuat Açıqlaması

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərinin birgə
Mətbuat Açıqlaması

27 aprel 2016-cı il


25-27 aprel 2016-cı ildə Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında 7-ci Qlobal Forumu keçirildi.

BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumu keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inkluziv cəmiyyətlərdə birgə yaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi.

7-ci Bakı Qlobal Forumda dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndə iştirak etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir geniş şəkildə 117 nəfər xarici və yerli media tərəfindən işıqlandırıldı.

İnkluziv cəmiyyətlərin qurulması və inkişaf etdirilməsində gənclərin xüsusi rolunu nəzərə alaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən aparılan beynəlxalq müsabiqə nəticəsində 6000 gənc arasından seçilmiş dünyanın müxtəlif ölkələrini təmsil edən 150 gəncin iştirakı ilə 25 aprel tarixində BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Tədbiri keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser, Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan və İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo çıxış etdi. BMT-nin Baş katibi Ban Ki Moon tədbir iştırakçılarına video müraciət edərək Forumun işinə uğurlar arzuladı və ev sahibi olaraq, Azərbaycana təşəkkürünü ifadə etdi.

Forumun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi: “BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir”.

Forumun gündəliyinə inkluziv cəmiyyətlərdə birgə yaşayışa maneə olan və cəmiyyətlərin əsasını sarsıdan aktual problemlər və məsələlər daxil idi. Forum öz işini zorakı ekstremizmin qarşısının alınması üçün platforma və tərəfdaşlıqlar, sosial inklusivlik baxımdan nümunəvi təcrübələr kimi əsas panellər və sülh və terrorizm, miqrasiya, gənclərin inklusiv cəmiyyətlərdə iştirakı, qlobal mədəniyyətlərarası dialoq və Bakı prosesi, zorakı ekstremizmin təbliğinə qarşı medianın maarifləndirilməsi, münaqişəli zonalarda qadınlar və sülh quruculuğu, dini liderlər və zorakı ekstremizm, vətəndaş cəmiyyəti və biznes, kiber ekstremizm və digər alt-sessiyalar üzrə davam etdirdi.
Sosial inkluzivlikdə nümunəvi təcrübələr adlı paneldə çıxış edən Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır humanitar nəticələri, dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığı modeli əsasında Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələri haqqında ətraflı məlumat verdi.

Forumun yekun sessiyasında BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdilər.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyəli nazirlər iclasının Bakı Bəyannaməsi qəbul edildi. Bəyannamədə Alyansın 7-ci Qlobal Forumunun “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında keçirilməsinə ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklusiv birgəyaşayışa qarşı artan təhdidlərin qarşının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, Bakı Prosesi və 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edilməsi baxımdan Azərbaycanın rolu təqdir edildi.

Həmçinin, bəyanatda Forumun mövzusunun BMT-nin bütün Davamlı İnkişaf Məqsədlərinə, o cümlədən Alyansın gənclər, təhsil, media və miqrasiya kimi təməl fəaliyyət istiqamətlərinə əsaslı töhfəsi qeyd olunaraq, 7-ci Qlobal Forumun keçirilməsinə görə Azərbaycan Hökumətinə və Xalqına, xüsusilə Bakı şəhərinə təşəkkür ifadə olundu.
Bəyanatda qeyd olunduğu kimi 7-ci Bakı Qlobal Forumu inkluziv cəmiyyətlərdə birgəyaşayış üzrə qabaqcıl təcrübələrin mübadiləsi, sülh, universal insan hüquqları və davamlı inkişafın təşviq edilməsi və təhdidlərə, xüsusilə terrorizm üçün münbit rol oynayan zorakı ekstremizin yayılmasına qarşı həll yollarının tapılması baxımdan BMT-nin Sivilizasiyalar Alyansının qlobal platforma kimi rolunun vurğulanması baxımdan qarşısına qoyduğu məqsədlərə nail oldu.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edərək, Azərbaycan Respublikası xarici siyasətinin əsas istiqamətlərindən birinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və hörmətin təşviqi, bu sahədə malik olduğu çoxəsrlik təcrübəni paylaşmaq, beynəlxalq ictimaiyyətin sözügedən məsələdə səylərini hərtərəfli dəsəkləməkdən ibarət olduğunu bir daha təsbit etdi.

Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı il Azərbaycanda “multikulturalizm ili” elan etməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumunun uğurla keçirilməsi milli, regional və qlobal səviyyələrdə mültikulturalizmin təşviqi, mədəniyyətlər və sivilizasiyalar arasında, eləcə də sivilizasiyalar daxilində dialoq və anlaşmanın gücləndirilməsinə əsaslı töhfə verməsi baxımdan mühüm tədbir oldu. 

Azərbaycan Respublikası bu istiqamətdə davamlı siyasətini, beynəlxalq təşkilatlar, digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını daha da əzmlə davam etdirəcəkdir. Bakı Prosesi çərçivəsində 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrini müzakirə etmək üçün platforma olacaqdır.

7-cı Bakı Qlobal Forumunun keçirilməsinə dəstək vermiş bütün tərəf müqabillərinə, BMT-yə xüsusilə BMT-nin Sivilizasiyalar Alyansına və forumun iştirakçılarına təşəkkürümüzü bildiririk.

Arxiv üzrə axtarış