2016-06-21

Azərbaycan Respublikasında dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısı

 

Azərbaycan Respublikasında

dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısı

 

Azərbaycan Respublikasının dövlət  müstəqilliyini bərpa etməsindən sonra ölkədə 2 minə qədər yeni məscid tikilib xalqımızın istifadəsinə verilmişdir. Ölkəmizdə dini, mədəni və tarixi abidələrin bərpası və onların yenidən xalqın istifadəsinə qaytarılması sahəsində həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident cənab İlham Əliyev bir sıra məscidlərin və ziyarətgahların tikilməsi və yenidən qurulması ilə bağlı sərəncamlar imzalamış, tapşırıqlar vermişdir. Bakıdakı Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, Şamaxı Cümə məscidi, Gəncə şəhərindəki İmamzadə kompleksi və Naxçıvan Muxtar Respublikasındakı Əshabi-Kəhf ziyarətgahında əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilmişdir.

Sovet dövründə məlum səbəblərdən xalqın istifadəsindən kənarda qalan məscid və ziyarətgahlar məhv olmaq təhlükəsi ilə üzləşmişdir. Müxtəlif vaxtlarda, xüsusilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşılmış, onun tapşırığı və təşəbbüsü ilə 1980-ci illərdə Şamaxı Cümə məscidi və Gəncə şəhərindəki İmamzadə ziyarətgahı təmir olunmuşdur.

Xəzər dənizinin sahilindəki Bibiheybət   ziyarətgahında VII İmam Museyi-Kazımın (ə) Bağdadı tərk etməyə məcbur olmuş qızı, VIII İmam Rzanın (ə) bacısı Həzrət Həkimənin və İmam Museyi-Kazımın (ə) üç nəvəsinin məzarları var. Məscid Sovet dövründə 1936-cı ildə partladılararq dağıdılmışdır. Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında 1997-ci ildə Bibiheybət məscidi yenidən inşa edilmişdir. 2008-ci ildə isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə bütöv bir kompleks kimi yenidən qurulan ziyarətgah Şərq memarlığı nümunələrini, bədii daşyonma və xəttatlıq incəsənətini özündə əks etdirir. Bibiheybət ziyarətgahının minarələrindən biri Ulu Öndər Heydər Əliyevin adını daşıyır.

Dünyanın 10 ən qədim məscidindən və islam abidələrindən olan, Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunmuşdur. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələ zamanı məscid dağılmamışdır. 1918-ci ildə silahlı erməni dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı həyata keçirilmişdir Ən böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər.

18 avqust 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə dövlət vəsaiti hesabına Bakı şəhərində yeni məscid kompleksinin tikintisinə başlanılmışdır. 2014-cü ilin dekabrında istifadəyə verilən və 12 min kvadratmetr ərazidə yerləşən Heydər məscidinin 95 metr hündürlüyündə 4 minarəsi vardır. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. 2016-cı ilin yanvarında Heydər məscidində vəhdət namazı qılınmışdır.

Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu tərəfindən icra edilən “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində də bir çox məscid və ziyarətgahlar əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondu həmçinin 2012-ci ilin sentyabr ayında dünyanın ən böyük muzeylərindən olan Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin yaradılmasına əhəmiyyətli dəstəyini vermişdir. Ölkəmizin bu layihəni dəstəkləməsinin əsas məqsədi islam mədəniyyəti, dəyərləri haqqında dünyaya dolğun məlumatı çatdırmaq olmuşdur. 

 

Heydər Məscidi

 

 

 

 

 

 

 

 

 

 Əjdərbəy məscidi

Əjdərbəy məscidi

 

 

Gəncə İmamzadə ziyarətgahı

 

 

 

 

 

 

 

 

 

 

Şamaxı Cümə məscidi




 

 

 

 

Bibiheybət məscidi

 

 

 

Buzovna Cümə məscidi

 

 

Qəbələ məscidi

 

Mərdəkandakı Heydər Cümə məscidi

 

Təzəpir məscidi

 

 

 

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış