2019-01-19

"20 Yanvar" azadlıq uğrunda mübarizənin rəmzidir

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 29 il ötür. Azadlıq uğrunda mübarizliyi təcəssüm etdirən və müstəqilliyə qovuşmaq uğrunda şəhidlik zirvəsinə qalxmağın bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.

Sovet İttifaqı rəhbərliyinin imperiyada yaşayan digər millətlərə qarşı yürütdüyü ədalətsiz siyasəti, iqtisadiyyatda uzun müddət ərzində davam edən durğunluğun tədricən böhranla əvəz olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün hökumət tərəfindən əməli tədbirlərin görülməməsi və bu kimi neqativ hallar ümumxalq narazılığına səbəb olmaqla yanaşı Azərbaycan xalqının illər boyunca öz daxilində yaşatdığı müstəqillik arzusunun gerçəkləşdirməsinə də zəmin yaratdı. Eyni zamanda, Ermənistanın ərazi iddiaları ilə çıxış etməsi və tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi və əzəli torpağı olan Dağlıq Qarabağda işğalçı niyyətinin baş qaldırması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyətin bir qədər də gərginləşməsinə gətirib çıxardı.

Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının oyanması, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinin Azərbaycana qarşı sərt addımlar atılması üçün bəhanə oldu.

Yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet ordu birləşmələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhaliyə müxtəlif çaplı silahlarla divan tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 25-i qadın, 20-si uşaq olan 700-dən artıq vətəndaş yaralanmışdır. Bu hadisələrdə ümumilikdə 147 nəfər mülki insan həlak olmuşdu.

Qanlı Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyev oldu. O faciədən sonrakı gün özünün və ailəsinin həyatını təhlükə altında qoyub Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək kommunist rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi. Xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi. Beynəlxalq KİV nümayəndələri qarşısında təqsirkarların cəzalandırılması tələbi ilə bəyanat verdi və Azərbaycan xalqının kədərini bölüşdü.

Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi. Faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi və onun quruculuq siyasəti ilə şəhidlərimizin canlarını qurban verdikləri azadlıq və müstəqillik ideyaları reallığa çevrildi.

20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.

Vətənpərvərliyin ən ali zirvəsi-şəhidlikdir. Uca Yaradanın dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi dəyərlərin gücü ilə diktə olunan keyfiyyətdir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini Azərbaycan Respublikasının suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi hər il qeyd edir. Xalq öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Arxiv üzrə axtarış