Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BƏYANATI
Son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədini Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə kobud şəkildə pozması, sərhəddə yerləşən hərbi obyektlərimizi və eyni zamanda sərhədboyu mülki əhalinin yaşayış məntəqələrini dəfələrlə atəşə tutması həm hərbi qulluqçular, həm də dinc əhali arasında ölüm və yaralanma hallarının baş verməsi ilə nəticələnib.
Azərbaycan ərazisinin 20 faizini 30 ilədək müddətdə işğal altında saxlayan, bir milyondan artıq mülki əhalini öz yurdlarından və evlərindən didərgin salaraq onların bütün fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi-siyasi rəhbərliyi onların sırasını Tovuz və ətraf ərazilərdə yaşayan mülki əhalinin, eləcə də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən həlak olan hərbçilərin ailələrinin hesabına genişləndirmək niyyətləri güdmüşlər.
Növbəti dəfə beynəlxalq humanitar hüququn təməlini təşkil edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını pozaraq müharibə cinayətləri törətməklə münaqişənin həll olunması üçün aparılmalı olan substantiv sülh danışıqlarına zidd və bu prosesə üçüncü ölkələri cəlb etməyə yönəlmiş təxribat törətmişlər .
COVİD-19 pandemiyasının doğurduğu hazırkı iqtisadi, sosial və psixoloji çətinliklər fonunda, sərhədyanı bölgələrdə Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin hələ də davam etməsi əhalinin həyatına daha ağır risklər yaradır, onların dinc şəraitdə yaşamasına təhlükə törədir, xüsusən də ahılların, qadın və uşaqların hədəf seçilməsi ilə yüzlərlə ailələrə və onların şəxsi əmlakına ciddi ziyan vurur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 qətnaməsinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həmvətənlərimizin pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində zəruri addımlar atmağa və müvafiq tədbirlər görməyə çağırırıq.