2020-10-19

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə və davranışa görə minnətdarlıq etmişlər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov Ermənistan silahlı qüvvələrinin cari il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı başladığı hərbi əməliyyatlar zamanı yaralı vəziyyətdə əsir düşmüş Ermənistan hərbçiləri - 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü Mikayelyan Albert Yervandiyə müalicə aldıqları hospitalda baş çəkmişdir.

Başçəkmə zamanı Komissiya katibi yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanmışdır.

Ermənistan hərbçiləri Azərbaycanda onlara göstərilən münasibətdən və davranışdan razı qaldıqlarını, müalicələrinin normal aparıldığını bildirmiş, minnətdarlıq ifadə etmişlər.

Beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başçəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilmişdir. Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılmışdır.

Ermənistan hərbçiləri başçəkməyə, xüsusilə də ailə üzvləri ilə yaradılmış telefon əlaqəsinə görə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

 

Arxiv üzrə axtarış