QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN BƏYANATI
Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərimizdə, həm də Ermənistan ilə dövlət sərhəddində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir. 27 sentyabr tarixindən bu günədək Ermənistan Azərbaycanın onlarla şəhər və yaşayış məntəqələrinin, o cümlədən, hərbi əməliyyatların baş verdiyi bölgədən xeyli uzaqda yerləşən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin dəfələrlə atəşə tutulması ardından 28 oktyabr tarixində qədim şəhərimiz Bərdə raket atəşlərinə məruz qalmışdır. Bərdədə azyaşlı uşaqlar daxil 21 nəfər qətlə yetirilmiş, 70-dən artıq insan yaralanmışdır. Ümumilikdə, bu günədək 90-dan artıq dinc sakinimiz həlak olmuş, 392 yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli ev, 423 mülki obyekt dağıdılmışdır. Gəncədə, Bərdədə qətlə yetirilmiş məsum uşaqların ölümü heç bir insanı biganə qoya bilməz. Lakin Ermənistanın dövlət səviyyəsində törətdiyi bu terrora dünya ictimaiyyəti hələ də yekdil, birmənalı mövqe ifadə etmir.
Ermənistan bu günə qədərki tarixində çox qanlı cinayətlərə imza atmışdır. Soyqırım, özgə torpağını qəsb, ekstremizm, terror, zorakılıq kimi insanlıq qanunları ilə qadağan olunmuş bütün cinayətlər ermənilər tərəfindən törədilmişdir.
BMT-nin qətnamələrini yerinə yetirməmək, separatizm, qondarma dövlət qurmaq cəhdləri, münaqişənin sülh yolu ilə həllinə dair danışıqları pozmaq, əldə olunmuş razılaşmaları, öhdəlikləri yerinə yetirməmək Ermənistanın hazırkı rejiminin fəaliyyət istiqamətləridir ki erməni dövlətçiliyini iflasa aparır, süquta sürükləyir. Soyqırım, ksenofobiya, İslamofobiya, monoetniklik, etnik təmizləmə aparmaq, tarixən ərazi iddialarını təmin etmək məqsədilə terror təşkilatları yaratmaq və onları maliyyələşdirmək, dindən öz təcavüz məqsədləri üçün istifadə etmək – erməni ekstremistlərinin xislətidir.
İşğal olunmuş ərazilərimizdə mədəni irsin məhv edilməsi, məzarlıqların dağıdılması, məscidlərin həqarət olunması, müxtəlif dinlərə məxsus məbədlərin, dini abidələrin məhv edilməsi, tarixinin saxtalaşdırlıması, mənşəyinin dəyişdirilməsi, özününkiləşdirərək qriqoryanlaşdırılması siyasəti — bütün bunlar erməni vandalizminin təzahürləridir.
Erməni rejiminin daha bir xarakterik cəhəti yalan, iftira xarakterli təxribatçı məlumatlar yaymaqdır. Belə ki, muzdlu terrorçulardan istifadə etdikləri halda Azərbaycana böhtan atmaq buna nümunədir. «Qarabağ Ermənistandır» deyərək, işğal etdikləri Azərbaycan torpaqlarında qədim toponimləri erməni adları ilə dəyişdirərək özününkiləşdirmək cəhdlərindən belə çəkinmirlər. Xocalı, Gəncə, Bərdə soyqırımlarını törətdikləri halda guya ozlərinin soyqırıma məruz qaldıqları barədə dünyada hay-küy salmaq da bu qəbildəndir. Faşizm dövrünün canilərinə haqq qazandıraraq xatirəsini əbədiləşdirmək Ermənistanın ən yeni tarixində siyasi yönünün göstəricisidir.
Ermənistanın bu təcavüzkar, işğalçı cinayətlərinə erməni kilsəsi tərəfindən xeyir-dua verilməsi təəssüf doğurur. Erməni qriqoryan kilsəsi ən müqəddəs dəyər olan insan həyatına deyil, ölümə xeyir-dua verir, uşaqların, qadınların ölümünə, dinc insanların qətlinə bəraət verməsi isə heç bir məntiqə sığmır. Bütün səmavi dinlərin Kitablarında, o cümlədən, İncildə, İsa Peyğəmbərin xitablarında insanları yaşamağa və yaşatmağa çağırış vardır. Xristianlığın təməl prinsiplərinə xilaf çıxan, İncilin sülhsevər çağırışlarına zidd gedən erməni qriqoryan din xadimlərinin belə bir davranışı mənsub olduqları din adına həqarətdir. Sülh üçün dua etmək əvəzinə, müharibə səngərlərində bir əlində xaç, bir əlində silah tutub əsgərlərini Azərbaycan torpaqlarının işğalına ruhlandıranların həqiqi din xadimliyi şübhə doğurur. Öz xalqını sülhə deyil, zorakılığa təhrik edən Ermənistan dövləti, erməni kilsəsi öz millətini ölənədək savaşa səsləməklə erməni xalqının gələcəyini təhlükə - fəlakətə sürükləyir.
Dünya dövlətlərinin rəhbərlərinə, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət edərək, erməni qriqoryan kilsəsi başçısının dünyadakı ermənilərə müraciətinin mahiyyətini və mümkün fəsadlarını lazımınca qiymətləndirməyə çağırıram. Monoetnik ölkə olan Ermənistanın dini mərkəzi faşizmə, terrora, işğala, ilhaqa, milli və dini ədavətə təşviq edirsə, bu, çox təhlükəli bir tendensiyadır və təkcə bölgədə deyil, qlobal müstəvidə sülhə, dinlər və sivilizasiyaların dinc birgəyaşayış mühitinə təhdiddir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğaldan azad etmək yolunda əzmkarlığı və israrı qarşısında aciz olduğunu dərk edən və məğlubiyyətinin qaçılmaz olduğunu anlayan erməni tərəfi son ümid yeri olaraq kilsə amilindən istifadə edərək münaqişəyə dini don geyindirərək xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə və beləliklə, xristian dünyasının dəstəyinə nail olmaq yönündə cidd-cəhdlə çalışır. Bu amilin təhlükəli olması dünyanın aparıcı dini liderləri ilə, o cümlədən, Rus Pravoslav Kilsəsinin başçısı Patriax Kirillin, Ümumgürcüstan Katalikos-Patriarxı II İliyanın, Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə baş tutan, erməni dini liderinin şəxsən iştirak etdiyi görüşlərimizdə dəfələrlə gündəmə gətirilmiş və münaqişələrdə din amilindən istifadənin qətiyyən yolverilməz olduğu birmənalı vurğulanmışdır. Belə ki, bu amil dinlərin sülhsevər mahiyyətinə ziddir.
Bütün dünyaya bir daha bəyan edirik ki, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan ermənilər öz vətəndaşlarımızdır. Biz, dövlət başçımız Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə, müzəffər ordumuz sayəsində qələbəmizə, şəhidlərimizin qanının yerdə qalmayacağına inanırıq. Biz sülhün bərqərarını istəyirik və Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!