2021-02-15

Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilmişdir. Təsdiq olunmuş tədbirlər planına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər cari ilin “Nizami Gəncəvi ili” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd ediblər. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Azərbaycan Ordusunda təşkil olunan dahi şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm rol oynayır.
Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin bədii heyətinin ifasında Nizami Gəncəvinin əsərlərinə yazılmış muğam və musiqili kompozisiyalar tədbir iştirakçılarına təqdim olunub.

https://mod.gov.az/az/news/nizami-gencevinin-880-illiyine-hesr-edilmis-tedbir-kecirilib-34861.html

 

Arxiv üzrə axtarış