Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı BƏYANATI
Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına təcavüzünün ən ağrılı nəticələrindən biri, 26 fevral 1992-ci ildə Xocalı şəhərinin işğalından və oradakı mülki insanlara qarşı törədilən soyqırım cinayətindən 29 il ötür.
İşğalçı Ermənistanın silahlı birləşmələri tərəfindən mühasirəyə alınan Xocalı şəhərində 2500-ə yaxın dinc əhali öz həyatlarını xilas etmək məqsədi ilə ən yaxın təhlükəsiz əraziyə qaçarkən Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında pusquya salınaraq amansızcasına qətlə yetirilmiş və bir qismi isə əsir götürülmüşdür. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi isə dağlarda donvurma nəticəsində həlak olmuşlar. Bu soyqırım cinayəti nəticəsində 106 qadın, 70 ahıl şəxs, 63 uşaq, ümumilikdə, 613 nəfər Azərbaycan Respublikası vətəndaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi ilə bağlı bu günədək məlumat yoxdur. Xocalı şəhəri yerlə-yeksan edilmişdir. 46 nəfəri uşaq olmaqla 487 nəfər sakin şikəst edilmişdir. 8 ailə tamamilə məhv edilmişdir. 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmişdir. Xocalı sakinlərindən 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, baş dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü vurularaq qətlə yetirilmişdir.
Xocalıda mülki Azərbaycanlı əhaliyə qarşı törədilən çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırım aktı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”, “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya”, “Uşaq hüquqları haqqında Konvensiya” və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ciddi şəkildə pozulmasıdır.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin mümkünlüyünü vurğulamış və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını və soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində soyqırım ilə bağlı qərarlar qəbul edilir.
Xocalı soyqırımı Pakistan, Meksika, Bosniya və Herseqovina, Çexiya, İordaniya, Peru, Kolumbiya, Paraqvay, Honduras, Əfqanıstan, İndoneziya və digər dövlətlərin parlamentlərində müzakirə olunmuş, bu cinayət əməlini pisləyən siyasi sənədlər qəbul edilmişdir. Xocalı soyqırımı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də rəsmən tanınmış və qətliam hadisəsi kimi pislənilmişdir.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.
Sadalanan cinayətlərə görə məsuliyyəti təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır. Ermənistanın Azərbaycan Respublikasına qarşı başlatdığı müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdir.
Atəşkəs razılaşmasına baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı hərbi təxribatları davam etdirir, sülh danışıqlarının formatını və baza prinsiplərini dağıdan bəyanatlar verir, Azərbaycan Respublikasını “yeni müharibə, yeni ərazilər” kimi fikirlər ilə təhdid edirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri vətəndaşlarımızın həyatını və təhlükəsizliyini müdafiə etmək, həmçinin işğalçı Ermənistanın davamlı hərbi təxribatlarının qarşısını almaq məqsədilə özünümüdafiə hüququndan istifadə edərək 27 sentyabr 2020-ci ildə işğal altındakı ərazilərimizin azad olunması üçün əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən Müharibəsi zamanı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, o cümlədən, Hadrut qəsəbəsi və Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri işğaldan azad edildi. 10 noyabr 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarından Ermənistanın silahlı qüvvələri çıxarıldı. Beləliklə, yüz minlərlə dinc vətəndaşımızın öz dədə-baba torpaqlarına qayıtmaq hüquqları bərpa olundu.
Qeyd olunmalıdır ki, Ermənistan Respublikası Xocalı soyqırımında olduğu kimi, 44 günlük Vətən Müharibəsi dövründə də insanlıq əleyhinə cinayətlərini davam etdirmişdir. Ermənistan məqsədyönlü şəkildə hərbi əməliyyatlar keçirilən ərazidən uzaqda yerləşən Gəncə, Mingəçəvir və Naftalan şəhərlərində, o cümlədən Bərdə, Tərtər, Goranboy və Xızı rayonlarında mülki şəxsləri və infrastrukturu ballistik raketlər və kaset bombaları ilə hədəfə almışdır. Sözügedən müharibə cinayəti nəticəsində 12-si uşaq, 17-si qadın olmaqla 100 mülki şəxs qətlə yetirilmiş, 423 mülki şəxs isə yaralanmışdır. Minlərlə yaşayış binaları və yüzlərlə xəstəxana, uşaq bağçası, məktəb, ticarət obyektləri, dini və mədəni abidələr daxil olmaqla sosial obyektlər dağıdılmışdır.
Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə bir daha yad edərək bəyan edirik ki, ikili standartlara yol vermədən, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Xocalı soyqırımı xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, beynəlxalq qurumlar tərəfindən tanınmalı və qınanmalı, cinayət törədənlər isə məsuliyyətə cəlb edilməlidir. Əks-təqdirdə cəzasızlıq və susqunluq yeni insani faciələrə aparacaq.
Hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edən Azərbaycan xalqı bu soyqırımı törədənlərin ədalət mühakiməsinə cəlb olunmasını gözləyir.
Allah bütün şəhidlərə rəhmət eləsin!