2021-09-28

“27 sentyabr-Anım Günü” ilə bağlı İqtisadi Əməkdaşlıq Təşkilatının rəsmi internetr səhifəsində press-reliz yayımlanmışdır

Press-relizdə deyilir: 27 sentyabr 2021-ci ildə İƏT Baş katibinin müavini Hüseyn Avni Bıçaqlı və İƏT-in Enerji, Minerallar və Ətraf mühit üzrə departamentinin direktoru Rövşən Mirzəyev Azərbaycan Respublikasının İrandakı Səfirliyində keçirilmiş Anım tədbirində iştirak etmişlər.

Tədbirdə Tehran şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İran XİN-in rəsmiləri, ictimaiyyət və media nümayəndələri, eləcə də, İranda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Tədbir iştirakçıları üçün 44 günlük Vətən müharibəsindən bəhs edilən sənədli film və foto-sərgi nümayiş etdirilmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Hüseyn Avni Bıçaqlı çıxış edərək, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan Hökumətini və xalqını təbrik etmiş və bu qələbənin regionda sülh və firavanlığın bərqərar olunmasının əhəmiyyətli əlaməti olduğunu bildirmişdir. İƏT Baş katibinin müavini Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə baş sağlığı verərək, qazilərə və yaralı mülki şəxslərə şəfa diləmişdir. H.A.Bıçaqlı çıxışının sonunda regionda dayanıqlı inkişaf və tərəqqinin əldə olunması üçün sülh və sabitliyin əhəmiyyətini bir daha vurğulayaraq, İƏT tərəfindən həyata keçirilən layihələr vasitəsilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində kömək etməyə hazır olduqlarını bəyan etmişdir.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasında keçmiş səfiri  Möhsün Pak Ayin  çıxış edərək, müharibə dövründə ermənilər tərəfindən mülki şəxslərə qarşı törədilmiş cinayətləri, həmçinin beynəlxalq sənədlərə istinad edərək dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü pisləmişlər. Natiqlər öz çıxışlarında regionda, o cümlədədən Azərbaycanla İran arasında yaxşı qonşuluğun və həmrəyliyin əhəmiyətini, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar.

Arxiv üzrə axtarış