2021-10-18

Azərbaycanın Müstəqilliyinin Bərpasının 30 illik yubileyi İranda qeyd olunmuşdur.

Bu münasibətlə Azərbaycanın İrandakı Səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda İran XİN-nin rəsmi şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi və müavinləri, Tehranda yerləşən diplomatik missiyaların rəhbərləri və diplomatları, ictimaiyyətin nümayəndələri və İranda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan mərasimdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasındakı misilsiz xidmətlərini vurğulamış, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik edtiyi dövrlərdə və ondan sonrakı illərdə də Azərbaycanın əldə etdiyi uğurlar, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə olunan nailiyyətlər haqqında məlumat vermişdir. Əli Əlizadə ölkənin sürətli inkişafı və dinamik tərəqqisi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əlyevin apardığı müdrik siyasət nəticəsində Azərbayca xalqının bu 30 il ərzində mübarizə apardığı əsas məqsədinə - işğal olunmuş torpaqların azad edilməsi və müasir, müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu bildirmişdir. Səfir, Azərbaycanın dinamik inkişafı, xalqımızın yüksək milli ruhu və birliyi, Azərbaycan Ordusunun peşəkarlığı və mübarizliyi, eləcə də qəhrəman şəhidlərimizin fədakarlığı sayəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın işğalçı Ermənistanı Vətən Müharibəsində məğlub etdiyini və 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan Azərbaycan ərazilərini azad edərək Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini, erməni işğalına son qoyaraq bölgədə sülh və ədaləti bərpa etdiyini vurğulamışdır.

Azərbaycanın 30 il ərzində keçdiyi şərəfli tarixindən,  beynəlxalq münasibətlərindən və dünya dövlətləri ilə səmərəli ikitərəfli əlaqələrindən bəhs edən səfir Əli Əlizadə, qonşu ölkə olan İranla da ikitərəfli münasibətlərin inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil etdiyini və müstəqilliyin ilk günlərindən İranla bütün sahələrdə yaxın və dostluq əlaqələrinin qurulduğunu bildirmişdir. Əlaqələrimizin hər zaman üzərindən qətiyyətlə aşa bildiyimiz bəzi eniş və yoxuşlar da gördüyünü bildirən səfir, bütün bu keçilən sınaqların münasibətlərimizin dostluq və əməkdaşlığa söykəndiyini bir daha sübut etdiyini qeyd etmişdir. Səfir xalqlarımız və ölkələrimiz arasında dostluğa, tərəfdaşlığa, yaxın qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın davam etdiriləcəyinə inandığını bildirmiş və bütün bunların Azərbaycan-İran dostluğunun daha da möhkəmlənməsində mühüm rol oynayacağını vurğulamışdır.

Rəsmi hissənin başa çatmasından sonra Azərbaycanlı uşaqların ifasında “Naz eləmə” rəqsi təqdim olunmuş, “Arşın mal alan” operettasından kiçik səhnəcik nümayiş edilmiş və “Azərbaycan” şeiri səsləndirilmişdir. Tədbir Azərbaycan xalq və milli musiqisinin sədaları altında verilən ziyafət ilə davam etmişdir.

 

Arxiv üzrə axtarış