Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir
Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda səfərdədir.
Səfər çərçivəsində noyabrın 21-də Şahin Mustafayev İranın neft naziri Cavad Övci ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İran arasında neft və qaz sahəsində mövcud əməkdaşlığın qarşılıqlı faydalı və səmərəli olduğu vurğulandı.
Qaz mübadiləsi sahəsində mövcud razılaşmaların icra vəziyyəti müzakirə edildi və bu çərçivədə aparılan işlərin davam etdirilməsi məqsədəmüvafiq hesab olundu.
Eyni zamanda əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd olundu, habelə neft və qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında faydalı müzakirələr aparıldı.
Görüşdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə iştirak edib.