2021-12-13

Tehranda Ulu Öndərin əziz xatirəsi anılıb

Dekabrın 12-də Azərbaycanın İrandakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev və Xaricdə Yaşayan Həmvətənlər” adlı tədbir keçirilib.

Tehranda yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, ictimaiyyətin təmsilçiləri və səfirliyin əməkdaşlarının qatıldığı tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi, polkovnik Elvin Qasımov, Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatda məsul vəzifədə çalışan, həmyerlimiz Namiq Heydərov və başqaları çıxış edərək Ümummilli Liderin dövlətçilik təcrübəsindən, Azərbaycanımızın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlərdən, insanların sosial-rifah halının yaxşılaşmasına, ordu quruculuğuna, xaricdə yaşayan azərbaycanlılara iş sahəsinə göstərdiyi diqqət və qayğısı haqqında söhbət açıblar.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə müasir Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin möhkəmlənməsi və qüdrətlənməsi naminə işləyib hazırladığı və gələcək nəsillərə miras qoyduğu dövlətçilik konsepsiyasından, onun müdrik siyasəti ilə aparılan islahatlar və dövlət quruculuğundan danışıb. Bu quruculuq işlərində xaricdə yaşayan həmvətənlərlə həmrəyliyin və birliyin yaradılmasının Heydər Əliyev siyasətinin əsas meyarlarından biri olduğunu qeyd edən Əli Əlizadə hazırda bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin birbaşa diqqəti ilə işlərin daha da mütəşəkkil təşkil olunduğunu və həmvətənlərlə əlaqələrin möhkəmləndirilməsinin davam etdirildiyini vurğulayıb. Səfir, xaricdə yaşayan həmvətənlərin Azərbaycanla bağlılığının gücləndirilməsi, dilimizin, tariximizin, milli adət ənənələrimizin, Azərbaycançılıq ideologiyasının  yaşadılası naminə xarici ölkələrdə həyata keçirilən layihələrin, yaradılmış Qarabağ məktəblərinin, Azərbaycan evlərinin, azərbaycanlıların koordinasiya şuralarının, hazırlanmış dərsliklərin və aparılan digər işlərin həmvətənlərimiz arasında azərbaycançılığın, birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edtiyini bildirib. Əli Əlizadə, butün sahələrdə uğurla davam etdirilən bu mudrik siyasət və diqqət nəticəsində xalq və dövlət birliyinin Azərbaycanda təmin olunduğunu, buna nümunə kimi, həmvətənlərimizin Vətən Müharibəsində bir yumruq kimi birləşərək verdikləri mənəvi dəstək nəticəsində Azərbaycan Ordusunun Ali Baş Komandanmızın rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb.

Səfir, məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan-İran münasibətlərində də qarşılıqlı etimadın yarandığını və əlaqələrin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək İranda yaşayan həmvətənlərimizi daha da sıx əməkdaşlığa, o cümlədən Azərbaycan-İran dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki layihələrdə də fəal iştirak etməyə dəvət edib.

Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən filmə baxışla yekunlaşdırılan tədbirin rəsmi hissəsindən sonra, anım mərasimi həmvətənlərlə çay süfrəsi arxasında davam etdirilib, İranda yaşayan Azərbaycan vətəndaşlarının qarşılaşdıqları məsələlər, təşəbbüs və təklifləri dinlənilib, onlara lazımi məsləhət və tövsiyyələr verilib.

Arxiv üzrə axtarış