Müqəddəs Ramazan ayı münasibəti ilə aprelin 24-də Azərbaycanın İrandakı Səfirliyində yerli mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub.
Ağdam cümə məscidində verilmiş azanın səsləndirilməsi və Şuşa şəhərinin video görüntüləri ilə açılan iftar mərasimində çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm və töhfə verən əsas ölkələrdən biri olduğunu vurğulayıb. Səfir, artıq müqəddəs Ramazan ayında işğaldan azad olunmuş Azərbaycan ərazilərində də ibadət üçün lazımi şərait yaradıldığını, Azərbaycanın işğaldan azad edilən ərazilərində dağıdılan 65 məscid, ziyarətgah və dini abidələrimizin də yenidən bərpa olunduğunu, yeni təməllərin qoyulduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə Şuşa ili elan edildiyini və təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin cari ildə 270 illiyinin qeyd olunacağnı diqqətə çatdıran səfir, hazırda Şuşa şəhərində 3 məscidin bərpa olunduğunu və bir yeni məscidin şəhərin ən uca yerində təməli qoyularaq tikintisinə başlanıldığını vurğulayıb. Əli Əlizadə görülən bu işlərin Azərbaycanın tarixi torpaqlarının işğalı zamanı dağıdılmış mədəni-dini abidələrin bərpasına göstərilən diqqətlə yanaşı eyni zamanda Azərbaycanın islam dəyərlərinə verdiyi önəmin təzahürü olduğunu bildirib. Səfir, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi gününün yeni tariximizə Zəfər günü kimi həkk olunduğunu vurğulayaraq 28 ildən sonra müqəddəs Ramazan ayı fəzilətlərinin və bərəkətlərinin doğma Şuşamıza, Qarabağımıza qayıtdığını, Ramazan bayramının Azərbaycanın bu tarixi ərazilərində bu il də qeyd olunacağını bildirib.
Səfir, iftar mərasiminin təsadüf etdiyi 24 aprel tarixinin, 2018-ci ildən Azərbaycanın, İranın və Qoşulmama Hərəkatına digər üzv ölkələrin təşəbbüsü ilə “Çoxtərəflilik və Sülh naminə diplomatiya Beynəlxalq Günü” kimi təsis edildiyini də qeyd edib. 24 aprel tarixinin, Qoşulmama Hərəkatı tərəfindən ölkələr arasında əməkdaşlığın, qarşılıqlı hörmətin, sülh və həmrəyliyin təşviqi üçün təsis edildiyini və Ermənistandan fərqli olaraq Azərbaycanın həmişə olduğu kimi regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində diplomatik səylərini davam etdirdiyini vurğulayıb.
Səfir, Səfirlik tərəfindən verilən iftar süfrəsinin də həmrəyliyi və islam dəyərlərinin ucalığını bir daha nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək olduğunu bildirib.
Mərasimdə “Asiya news” xəbər agentliyinin baş redaktoru İrəc Cəmşidi, “Səhər” televiziya kanalının redaktoru Yunis Rastqarniya, Tehran Mədəniyyət Radiosundan Sümayə Nəcəfi və başqaları çıxış edərək dəvətə və mətbuat nümayəndələrinə göstərilən diqqətə görə təşşəkkür etmiş, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və orada mədəni-dini abidələrin bərpası ilə bağlı sevinclərini bölüşmüş və bu müqqədəs ayda bir araya toplanıb səmimi söhbətin aparılmasının əhəmiyyətli olduğunu bildirmişlər.
Sonda səfir Əli Əlizadə yerli televiziya kanallarına müsahibə vermiş, mətbuat nümayəndələrinin suallarını cavablandırmışdır.
#YearofShusha
#Şuşaili
#Shusha270
#شوشا ۲۰۲۲
#آذربایجان
#ایران