2022-05-24

Azərbaycanın Respublikasının “28 May - Müstəqillik Günü” münasibəti ilə Azərbaycan Respublikasının səfiri cənab Əli Əlizadənin mesajı

28 May -Azərbaycanın Respublikasının Müstəqillik Günü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gün və 1918-ci ildə müsəlman dünyasında ilk dəfə demokratik respublikanın yarandığı tarixi hadisədir. Azərbaycanın hökuməti və dövlət qurumlarının, silahlı qüvvələrinin yaradıldığı, demokratik yolla seçilmiş Azərbaycan parlamentinin təşkil edildiyi və Azərbaycanın rəsmi dövlət atributlarının qəbul olunduğu tarixdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə çox işlər görülsə də, Cümhuriyyətin  ömrü uzun sürmədi və 23 ay sonra hərbi müdaxilə nəticəsində Azərbaycan 1920-ci ildə Sovet İttifaqına birləşdirildi. Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoymuş, Azərbaycanın gələcək müstəqilliyi üçün yaxşı zəmin yaratmışdır. 1920-ci ildə Azərbaycanın Sovet İttifaqına birləşdirilməsi bir daha göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. ADR-in varisi kimi Azərbaycan, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi və Azərbaycan yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkənin çətin dönəmində məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından çıxardı və stabilliyi təmin etməklə, Azərbaycan inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladı.

1918-ci il, mayın 28-də ADR-in yaradılması Azərbaycan xalqı üçün tarixi hadisə idisə, 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan və onun xalqı üçün növbəti şanlı tarixi qələbə və nailiyyət oldu. Ali Baş Komandanın qətiyyətli mövqeyi və bu il 104 illiyi qeyd ediləcək  şanlı Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, qəhrəmanlığı və təbii ki, yüksək milli ruh və güc sayəsində Azərbaycan Respublikası öz tarixi missiyasını yerinə yetirdi. Allahın köməyi və şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan yenidən öz ərazi bütövlüyünü bərpa etdi.  Və artıq iki ildir ki, biz, 30 il ərzində qeyri-qanuni erməni işğalı altında qalmış Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin azad edilməsindən sonra, Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümünü ikiqat əlamətdarlıqla qeyd edirik.

 Azərbaycan Prezidenti 2022-ci ili “Şuşa ili” elən edib və 28 il işğal altında qalmış Qarabağın baş tacı və Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşaya bu illərdən sonra yenidən sülh, bərpa və yenidənqurma işləri, eləcə də, mədəni tədbirlər geri qayıdıb.

Münaqişə artıq başa çatıb və bizim münaqişədən sonrakı vəziyyətlə bağlı mövqeyimiz tamamilə aydındır. Biz qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına və sərhədlərin toxunulmazlığına əsaslanan sülh sazişi imzalamaq və Ermənistanla münasibətləri normallaşdırmaq istəyirik. Biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik.

1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra bizim İran İslam Respublikası ilədə əlaqələrimiz möhkəmlənmiş və inkişaf etmişdir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra tarixi Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhəddi adlandırdı və bir daha  vurguladı ki, Azərbaycan Respublikası möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası və xalqlararası münasibətlərə xüsusi önəm verir. Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını hər zaman dəstəkləyən İran İslam Respublikası da Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirmək və dərinləşdirməkdə həmişə maraqlı olmuşdur.

Ötən ilin noyabrında iki ölkə prezidentlərinin səmimi görüşü və iki ölkə arasında əməkdaşlığın daha da inkişafı ilə bağlı qəbul edilmiş qərarlar əlaqələrimizin daha da yüksəlməsi və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına öz töhfəsini verdi. Sadəcə ötən bir il ərzində, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiyaların yaradılması barədə memorandumun imzalanması, Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış qaz mübadiləsinə (SWAP) dair üçtərəfli müqavilə, Astaraçay üzərində yeni körpünün təməlinin qoyulması, uçuşların bərpa olunması, İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərində iştirakı və bir çox layihələr göstərir ki, əlaqələrimizin inkişafı düzgün istiqamətdədir. İki ölkə arasında Birgə Dövlət Komissiyasının, Parlamentlərarası Dostluq Qruplarının və müxtəlif sahələr üzrə birgə işçi qruplarının səmərəli işləri davam etdirilir, qarşılıqlı səfərlər, müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, regionun və dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirilib. Bu ilin birinci rübünün yekunlarına əsasən iqtisadiyyatımız 6,8 faiz artmışdır. İqtisadiyyatımızın qeyri-neft sektoru da 10 faizdən çox artmışdır. Azərbaycanın strateji valyuta ehtiyatları da artaraq 53 milyard ABŞ dollarını ötmüşdür. Xarici ticarət dövriyyəmiz 60 faizdən çox, ixracımız isə 2 dəfəyə yaxın artmışdır. Azərbaycanın dinamik inkişafı davam etməkdədir və biz çox şadıq ki, dost və qonşu İran ilə də iqtisadi və ticari əlaqələrdə müsbət irəliləyişə nail olmuşuq. Ötən il Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin 30 faiz, cari ilin 4 ayında isə 23 faiz artması da əməkdaşlığımızın səmərəli nəticələridir.

Əsrlər boyu tarixi, mədəni və mənəvi dəyərlərə bağlı olan qardaş xalqlarımızın qəlbləri həmişə bir döyünür və biz ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirmək əzmindəyik.

Bu il ölkələrimiz üçün əlamətdar ildir, çünki biz həm də diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyini qeyd edirik. Fürsətdən istifadə edərək, bu əlamətdar hadisə münasibətilə hər iki ölkənin hökumətlərini və xalqlarını təbrik etmək istərdim. Mən həmçinin, bütün həmvətənlərimi Azərbaycan Respublikasının  “28 May – Müstəqillik Günü” münasibəti ilə də təbrik edirəm.

Azərbaycan və İranı möhkəm dostluq münasibətləri bağlayır və mən inanıram ki, qardaş xalqlarımızın iradəsinə əsaslanan münasibətlərimiz qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcəkdir.

Yaşasın Azərbaycan-İran dostluğu!

 

24 May, 2022-ci il. Tehran.

 

Arxiv üzrə axtarış