2022-05-25

Tehranda “28 May - Müstəqillik Günü” təntənəli qeyd olunub

“28 May - Müstəqillik  Günü”nün 104-cü ildönümü münasibətilə  Azərbaycan Respublikasının İrandakı Səfirliyi tərəfindən Tehran şəhərinin İstiqlal mehmanxanasında təşkil olunan rəsmi qəbulda İranın Yol və şəhərsalma naziri, Azərbaycan, İran, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin müavinləri, İranın dövlət rəsmiləri və tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin İrandakı səfirləri, diplomatlar, İran Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri və İranda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Azərbaycan və Iranın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçılarını salamlayan səfir Əli Əlizadə, 28 May - Azərbaycanın Respublikasının Müstəqillik Gününün, Azərbaycan Xalq Cümhuriyyətinin və müsəlman dünyasında ilk dəfə demokratik respublikanın yarandığı tarixi gün olduğunu bildirmişdir. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoyduğunu, Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratdığını qeyd etmişdir. Əli Əlizadə keçdiyimiz tarixin, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu göstərdiyini qeyd edərək, 1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığını vurğulamışdır.

Səfir bildirmişdir ki, 1918-ci ildə ADR-in yaradılmasının Azərbaycan xalqı üçün tarixi hadisə idisə, 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan və onun xalqı üçün növbəti şanlı tarixi qələbə və nailiyyət olmuşdur. Səfir,  Azərbaycan Prezidentinin 2022-ci ili “Şuşa ili” elən etdiyini və onun birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini, mədəni və ictimai tədbirlərin keçirilməsi ənənəsinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya yenidən qayıtdığını diqqətə çatdırmışdır.

Əli Əlizadə müstəqilliyimizin bərpasında sonra Azərbayacanın İran İslam Respublikası ilə əlaqələrinin möhkəmləndiyini və inkişaf etdiyini vurğulamışdır. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra tarixi Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhəddi adlandırdı qeyd edən səfir, Azərbaycan Respublikasının İranla möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası və xalqlararası münasibətlərə xüsusi önəm verdiyini, iki ölkə prezidentlərinin ötən il keçirilmiş səmimi görüşünün və iki ölkə arasında əməkdaşlığın daha da inkişafı ilə bağlı qəbul edilmiş qərarların əlaqələrimizin daha da yüksəlməsi və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına öz töhfəsini verdiyini diqqətə çatdımışdır. Səfir Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumat verərək, ötən il Azərbaycan ilə İran arasında da ticarət dövriyyəsinin 30 % artdığını qeyd etmişdir. Bu il Azərbaycanla İranın diplomatik münasibətlərinin yaradılmasının 30 illiyinin də qeyd olunduğunu bildirən Əli Əlizadə bu münasibətlə, eləcə də “28 May – Müstəqillik Günü” münasibəti ilə təbriklərini çatdırmışdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov İranla əməkdaşlıq əlaqələrinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda hər iki ölkə Prezidentlərinin siyasi iradəsi ilə Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.

Rəsmi qəbulda ali qonaq qismində iştirak edən İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasemi də çıxış edərək İranın Azərbaycanın müstəqilliyini daim arzulayan qonşu və qardaş ölkə olduğunu vurğulamışdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Rüstəm Qasemi bu ərazilərə səfər etmiş ilk İran rəsmisi olduğunu bildirmişdir. İran İslam Respublikasının yol və şəhərsalma naziri Azərbaycanla İran arasında həyata keçirilən çoxsaylı müştərək layihələr və gələcək əməkdaşlıq perspektivləri haqqında məlumat verərək, İranın siyasətinin Azərbaycanla möhkəm əlaqələrin qurulmasına xidmət etdiyini qeyd etmişdir. Nazir göstərilən səylərə görə Azərbaycan Respublikasının İrandakı Səfirliyinə də təşəkkür edərək, İran İslam Respublikası Höküməti adından 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik etmişdir.

Çıxışların ardınca “28 May - Müstəqillik  Günü”nün 104-cü ildönümü üçün hazırlanmış rəmzi tort kəsilmiş və xatirə şəkilləri çəkilmişdir.

Rəsmi qəbulun keçirildiyi mehmanxanın foyesində təşkil olunmuş, Azərbaycanın tarixi-mədəni, eləcə də digər görməli yerlərinin əks olunduğu fotoşəkillərdən ibarət sərgi və tədbir boyunca yerli musiqiçilərin ifa etdikləri Azərbaycan xalq mahnıları və nəğmələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır. Mərasimdə həmçinin Azərbaycanın mədəniyyətinə, tarixinə, turizm potensialına və iqtisadi uğurlarına dair müxtəlif videoçarxlar da nümayiş etdrilmişdir.

Rəsmi qəbul İran televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

 

Arxiv üzrə axtarış