2016-12-04

İran ilə münasibətlər haqqında

İran ilə münasibətlər haqqında

http://azleadersays.com/az/razdel/61_%C4%B0ranla%20m%C3%BCnasib%C9%99tl%C9%99r%20haqq%C4%B1nda.html


Görürük ki, bizim aramızda çox böyük qarşılıqlı anlaşma var. Biz münasibətləri bu qarşılıqlı anlaşma əsasında qururuq. Çox şadam ki, son illər ərzində İran-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir. Tarixdə, 25 illik tariximizdə bu dövr sürətli, bəlkə də ən sürətli inkişaf dövrüdür. Fevral ayından bəri ötən dövr ərzində iqtisadiyyat, nəqliyyat, energetika sahələrində bir çox məsələlər öz həllini tapıbdır.

(İran Prezidenti Həsən Ruhani ilə geniş tərkibdə görüş zamanı nitqdən 07.08.2016)

*** 


Əsrlər boyu xalqlarımız bir yerdə, yanbayan, mehriban dostluq, qonşuluq şəraitində yaşayırlar. Bizi əsrlər boyu birləşdirən tarix, mədəniyyət, din bizim ümumi böyük sərvətimizdir.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanat çıxışından 07.08.2016)

***

 

Mənim İran İslam Respublikasına rəsmi səfərim çərçivəsində 10-dan çox sənəd imzalanmışdır. İndi altı ay keçməmiş yenə 6 sənəd imzalanıb və bu sənədlər gələcək fəaliyyətimiz üçün çox böyük əhəmiyyət daşıyır. İranda fevral ayında imzalanmış sənədlərin, razılaşmaların icrası təmin edilir.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanat çıxışından 07.08.2016)

***


Biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. BMT, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlarda daim sıx əməkdaşlıq edirik.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanat çıxışından 07.08.2016)

***


Azərbaycan İrana qarşı tətbiq edilən sanksiyaların həmişə əleyhinə olmuşdur, öz mövqeyini açıq şəkildə ifadə etmişdir. Biz çox şadıq ki, bu sanksiyalar aradan qaldırılıb və beləliklə, əməkdaşlıq üçün yeni imkanlar yaranıbdır. İran tərəfi isə həmişə Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşmışdır, yanaşır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu dəstək həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü büruzə verir.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanat çıxışından 07.08.2016)

***


Şadam ki, səfər ərəfəsində - dünən Neftçala şəhərində “İran Khodro” şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməl daşı qoyuldu. Bu da əməkdaşlığımızın çox gözəl nümunəsidir. Hər il 10 mindən çox avtomobil istehsal ediləcək və bu, əməkdaşlığın yeni formasıdır. Bu vaxta qədər belə bir əməkdaşlıq olmamışdır. Bu gün digər sahələrdə də birgə fəaliyyət haqqında geniş fikir mübadiləsi aparılmışdır.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanat çıxışından 07.08.2016)

***

 

Əlbəttə ki, bu gün energetika və nəqliyyat problemlərinin həlli üçün yeni imkanlar açılır. Şadam ki, İmişli-Parsabad xətti birləşdi. Bu xətt həm iki ölkə arasındakı əlaqələrə, həm də regional əməkdaşlığa çox müsbət təsir göstərəcək. “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində də çox önəmli addımlar atılmışdır.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanat çıxışından 07.08.2016)

***

 

Bizim əsas istəyimiz İran-Azərbaycan əlaqələrini inkişaf etdirmək, xalqlarımızın maraqlarını müdafiə və təmin etmək, siyasi, iqtisadi, humanitar əlaqələrimizi möhkəmləndirməkdir.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanat çıxışından 07.08.2016)

***


Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşün yekunları ilə bağlı mətbuata bəyanatdan 23.02.2016)

***


 Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşün yekunları ilə bağlı mətbuata bəyanatdan 23.02.2016)

***


Bu gün Siz də bunun şahidisiniz ki, bir çox sənədlər imzalandı. Bu sənədlərin icrası bizim əlaqələrimizi daha da gücləndirəcəkdir. Bir çox sahələr üzrə imzalanan sənədlər gələcək üçün yol göstərir.Bu sənədlərin mahiyyəti çox müsbətdir və onların bir hissəsi ikitərəfli əlaqələrə, bir hissəsi isə çoxtərəfli və regional əməkdaşlığa xidmət göstərir.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşün yekunları ilə bağlı mətbuata bəyanatdan 23.02.2016)

***


Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılmışdır. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.

 (İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşün yekunları ilə bağlı mətbuata bəyanatdan 23.02.2016)

***


Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşün yekunları ilə bağlı mətbuata bəyanatdan 23.02.2016)

***


Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq.

(İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşün yekunları ilə bağlı mətbuata bəyanatdan 23.02.2016)

***

 

Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevrilmişlər. Biz respublikamızın tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək, nəqliyyat infrastrukturumuzu ən müasir standartlara uyğun yenidən qurmuşuq. Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaqdır.

(İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibədən 22.02.2016)

***

 

Ümumiyyətlə, nəqliyyat-kommunikasiya dəhlizləri bütün iştirakçı ölkələr, o cümlədən bizim üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Həmin dəhlizlər bir tərəfdən beynəlxalq yük daşımalarında dövlətlərimizin çəkisini böyük dərəcədə artıracaq, digər tərəfdən isə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrimizi gücləndirəcəkdir.

(İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibədən 22.02.2016)



Arxiv üzrə axtarış