2019-01-19

Müstəqillik uğrunda şəhid olanlar xalqın unudulmaz qəhrəmanlarıdır

20-ci əsrin sonunda dünyada baş verən qlobal siyasi dəyişikliklər SSRİ adlanan böyük dövlətə də sirayət etdi. Uzun illər boyu milli varlığından uzaq düşən xalqlar mərkəzi hökumətdən azadlıq və müstəqillik tələb etməyə başladılar. SSRİ-ni təşkil edən 15 müttəfiq respublikanın hər birində insanlar öz dövlət müstəqilliyinə nail olunması istiqamətində mübarizə aparırdı.

Təbii ki, dövlətçilik tarixi min illərlə ölçülən Azərbaycan xalqı da bu prosesdən kənarda qala bilməzdi. Bu amal uğrunda Azərbaycan xalqı daha məşəqqətli və daha ağır yol keçmək məcburiyyətində qaldı. Siyasi vəziyyətin gərginliyindən istifadə edən Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə başladı. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsindən, SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə və meydanlarına axışan, habelə ölkə boyu etirazlarını bildirən dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusu tərəfindən qanlı divan tutuldu. SSRİ Ali Sovetinin razılığı belə olmadan birbaşa SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə 20 mindən çox ordu Bakıya hücum etdi. Televiziyanın enerji bloku partladıldı, insanlar informasiya blokadasına alınaraq ölkədə baş verən hadisələrdən qərəzli şəkildə məhrum edildi. Sovet ordusunun mülki əhaliyə qarşı silah işlədəcəyini təsəvvür belə etməyən insanlar Bakı şəhərinin, habelə digər bölgələrdə dinc sakinlərin bu ordu tərəfindən amansızlıqla qətlə yetirilməsinin şahidi oldular. Azərbaycana yeridilən Sovet ordu hissələri tərəfindən paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 nəfər mülki şəxs amansızcasına qətlə yetirilərək şəhid oldular. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər. Döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu. İnsanlara təxribatçı və pozucu adı verildi. Halbuki, meydana toplaşan insanlar sadəcə olaraq baş verən ədalətsizliyə öz haqlı etirazlarını bildirirdilər. Bu qanlı aksiyanı törətməklə SSRİ rəhbərliyinin məqsədi xalqı qorxudub onu azadlıq və müstəqillik yolundan döndərmək, Dağlıq Qarabağın işğalına göz yummağa məcbur etməkdən ibarət idi.

Həmin vaxt xalq təşviş içində idi. Qanlı Yanvar faciəsinin səhəri günü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Bəyanat verərək Azərbaycan xalqının kədərini bölüşdü. Ulu Öndər Heydər Əliyev Kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirdi və günahkarların cəzalandırılmasını tələb etdi. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan Azərbaycan xalqına böyük dayaq və dəstək oldu. Məhz Heydər Əliyevin bəyanatından sonra Azərbaycan xalqı azadlıq uğrunda mübarizənsini davam etdirdi. Hadisələrdən az müddət sonra kommunist partiyası sıralarını tərk etdiyini elan edən Ulu Öndər Heydər Əliyev xalqının dar günündə Azərbaycana qayıtmağı özünə borc bildi. Lakin imperiyanın Bakıdakı əlaltıları onu xalqdan uzaqlaşdırmağa çalışdılar və Heydər Əliyev doğulduğu Naxçıvana qayıtmalı oldu. Burada xalq öz liderini hərarətlə qarşıladı və 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Ali Sovetinin sədri seçildi. Ali Sovetin ilk sesiyyasında Heydər Əliyevin təşəbbüsü ilə 3 mühüm qərar qəbul edildi. Birinci Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı. İkinci 3 rəngli milli bayrağı dövlət bayrağı kimi qəbul edildi. Üçüncü isə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də qanlı yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi-siyasi cinayətin cavabdehləri və bilavasitə günahkarlarının adları açıqlandı. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan Ulu Öndər Heydər Əliyev müvafiq sərəncamı ilə 20 yanvar Şəhidlərinin xatirəsini əbədiləşdirən möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi yaxşılaşdırıldı.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu insanların qayğılarını daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və Şəhid ailələri üçün təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

20 Yanvar Azərbaycan xalqının yaşadığı ən böyük acılardan biri olmaqla yanaşı, qürur və şərəf günü, kədərlə qəhrəmanlığın birgə nümunəsidir. 20 Yanvar hadisələri xalqı daha çox azadlığa doğru irəliləməyə sövq etdi. Şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Azərbaycan xalqının azadlığa gedən yolunda ilk cığırlar açdılar. Həmin faciəli günlərdə öz dövlət müstəqilliyi, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və Azərbaycan müstəqillik əldə etdi.

Arxiv üzrə axtarış